Füzuli sakinləri şəhərdə məscid inşa etmək təşəbbüsünə görə Qurbanqulu Berdiməhəmmədova təşəkkür məktubu ünvanlayıblar

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri şəhərdə
məscid inşa etmək təşəbbüsünə görə Türkmən xalqının Milli Lideri,
Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova
təşəkkür məktubu ünvanlayıblar.

Trend xəbər
verir ki, məktubda qeyd olunub:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç.

Azərbaycan və türkmən xalqları arasında əsrlər boyu formalaşmış
dərin tarixi, mədəni, etnik, dil və dini bağlar iki qardaş ölkə
arasındakı münasibətlərin etibarlı təməlini təşkil edir. Bu möhkəm
təməllər üzərində qurulan dostluq və qardaşlıq münasibətlərimiz
Zati-alilərinizin humanitar təşəbbüsləri ilə daha da
dərinləşib.

Fəxrlə qeyd etməliyik ki, Zati-alilərinizin adını daşıyan
Qurbanqulu Berdiməhəmmədov adına Himayəyə Ehtiyacı Olan Uşaqlara
Yardım Fondu mərhəmət, xeyirxahlıq, humanizm kimi ali mənəvi
dəyərlərin yaşadılması ilə yanaşı, dost və qardaş xalqlarımız
arasında mənəvi körpü missiyasını böyük uğurla həyata keçirir.

Bu nəcib missiyanın ən parlaq nümunələrindən biri də Sizin
Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid inşa
etmək təşəbbüsünüzdür. Biz bu təşəbbüsü böyük məmnuniyyət və dərin
minnətdarlıq hissi ilə qarşıladıq. Qarabağın bərpa prosesinə
dəyərli töhfə olan bu humanist addımınız iki ölkə arasında dostluq
və qardaşlıq münasibətlərinin, dini-mənəvi həmrəyliyin, humanitar
əməkdaşlığın və qarşılıqlı etimadın bariz təcəssümüdür.

Oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri
Təşkilatının Zirvə Görüşü çərçivəsində Türk dövlət və hökumət
başçıları ilə birgə Füzulidə inşa ediləcək məscidin onlayn formatda
təməlinin qoyulması bu xeyirxah layihəyə əlavə mənəvi və tarixi
məna qazandırıb. Bu təşəbbüs, həmçinin Türk dünyasının ortaq
dəyərlərinə, İslam mədəniyyətinə və azad olunmuş torpaqlarımızın
mənəvi dirçəlişinə verilən yüksək önəmin göstəricisidir.

Xüsusilə qeyd etmək istərdik ki, Türk Dövlətləri Təşkilatı,
eləcə də Təşkilatın Ağsaqqallar Şurasındakı uğurlu fəaliyyətiniz,
Türk dünyasının birliyi, həmrəyliyi və inkişafı naminə
səsləndirdiyiniz müdrik çağırışlar və verdiyiniz mesajlar böyük
hörmət, ehtiramla izlənilir və yüksək qiymətləndirilir.

2025-ci ilin iyul ayında Zati-alilərinizin Qarabağa səfəri, o
cümlədən Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidini
ziyarətiniz zamanı Vətən uğrunda şəhidlik zirvəsinə ucalan
qəhrəmanlarımızın ruhuna etdiyiniz dualar qardaşlıq, mənəvi
dəyərlərə sədaqət və tarixi irsə hörmətin parlaq nümunəsi kimi
xalqımız tərəfindən böyük ehtiramla qarşılanıb.

İnanırıq ki, Zati-alilərinizin təşəbbüsü ilə Füzuli və Arxadağ
şəhərlərinin qardaşlaşması insanlararası təmasların daha da
intensivləşməsinə təkan verəcəkdir.

Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizin yüksək diqqət və
mənəvi dəstəyiniz Füzuli sakinləri tərəfindən böyük rəğbətlə
qarşılanır və qəlbimizdə dərin minnətdarlıq hissi oyadır, bölgənin
mənəvi həyatına yeni ruh, inam və ümid gətirir. Bu nəcib addım
qardaşlığımızın və həmrəyliyimizin tərənnümü kimi qədirbilən
Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.

Füzuli şəhərində inşa edilən və Azərbaycan-Türkmənistan
qardaşlığının mənəvi rəmzinə çevriləcək bu məscidin yaxın zamanda
Zati-alilərinizin iştirakı və xeyir-duaları ilə açılışını biz
Füzuli sakinləri olaraq böyük səbirsizliklə gözləyirik.

Fürsətdən istifadə edərək, göstərilən yüksək diqqət və qayğı
üçün bütün Füzuli sakinləri adından Zati-alilərinizə bir daha dərin
təşəkkürümüzü bildirir, Sizə möhkəm cansağlığı, uzun ömür və
Türkmənistan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə davamlı
uğurlar arzu edirik. Ulu Tanrıdan qardaş Türkmənistana və xalqına
firavanlıq, sülh, əmin-amanlıq və daimi tərəqqi diləyirik.

Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri adından
dərin hörmətlə,

Əliyev Vidadi Əziz oğlu

Hüseynov Məhəmməd Səyyad oğlu

Rzayev Atabəy Saleh oğlu




Əhmədov Taleh Famil oğlu

Xanlarov Vaqif Əsgər oğlu

Əliyeva Sevda Yaqub qızı

Quliyeva Aygün Oktay qızı

Abdullayev Nizami Ağabala oğlu

Qəhrəmanova Xuraman Hüseyin qızı

Quliyev Elman Süleyman oğlu

Əliyev Füzuli İbrahim oğlu

Camalxanov Tehran Məmmədəli oğlu

Abdullayev Məmmədbağir Abdulla oğlu

Məmmədov Alik Calal oğlu

Məmmədova Nüşabə Həmid qızı

Hüseynova Mahnur Eldar qızı

Əliyeva Fəridə Kamil qızı

Əliyeva Rəhilə Ənvər qızı

Nəsirova Gülbahar Allahverdi qızı

Hüseynova Fəridə Rəhbər qızı”.