Meyit donorun böyrəyi daha bir bir ailəyə ümid, xəstəyə yeni həyat verdi – Səhiyyə Nazirliyi

Baş səhifə

Bakı. Trend:

Axşam saatlarında daxil olan təcili məlumat daha bir insanın
həyatını dəyişdi. Beyin ölümü keçirmiş şəxsin donor olaraq
bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və
orqan gözləyən xəstələrdən biri – İsrafil Məmmədova tam uyğun
gəldi.

Trend xəbər verir ki, bu
barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və
Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin operativ fəaliyyəti
nəticəsində məlumat dərhal transplantasiya komandasına ötürüldü.
Mərkəzi Klinikanın Transplantasiya şöbəsində transplantoloq-cərrah
Tariyel Nadirovun rəhbərlik etdiyi cərrah və nefroloqlardan ibarət
komanda yüksək peşəkarlıqla çalışaraq donor böyrəyini uğurla
köçürdü.




Əməliyyatdan cəmi bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti
stabilləşdi və o, uzun illər davam edən dializ yükündən azad halda
evə buraxıldı.

“Həkim olaraq demək istəyirəm ki, orqan nəqli həqiqətən
möcüzədir – biz bu möcüzəyə hər gün şahidlik edirik. Donor
ailələrinə, əməliyyatda və donorluq prosesində əməyi olan hər kəsə,
xüsusilə də Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin
kollektivinə və mərkəzin rəhbəri Yeganə Abbasovaya təşəkkür
edirəm”, – deyə Tariyel Nadirov bildirib.

Donor ailəsinin göstərdiyi nəciblik, həkim komandasının
peşəkarlığı və koordinasiya sisteminin operativliyi sayəsində daha
bir insan sağlamlığına qovuşdu. Bu uğurlu əməliyyat orqan
donorluğunun cəmiyyət üçün nə qədər böyük dəyər daşıdığını
xatırladır və bir daha göstərir ki, bir insanın verdiyi həyat
hədiyyəsi başqa bir insanın yaşamasına imkan yaradır.