Sosial şəbəkələrdə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib

Baş səhifə

Bakı.Trend:

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş
İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə müxtəlif yalan
vədlər və şirnikləndirici təkliflər verməklə vətəndaşları aldadaraq
pul vəsaitlərini ələ keçirən şəxslərə qarşı əməliyyat-texniki
tədbirlər həyata keçirilib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, tədbirlər zamanı sosial şəbəkələrdə saxta elanlar
yerləşdirən və özünü internet saytlarının təhlükəsizliyi məsələləri
üzrə mütəxəssisi kimi təqdim edərək dələduzluqlar edən əvvəllər də
eyni əmələ görə məhkum olunmuş şəxslər – Şahin Rəcəbov, Aqşin
Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, A.Bədəlov və İ.Niyazov sosial
şəbəkələrdə, eləcə də müxtəlif saytlarda başqalarına məxsus bahalı
mobil nömrə, avtomobil və evləri öz əmlakları kimi təqdim edərək
dəyərindən qat-qat ucuz qiymətə satılması ilə bağlı elanlar
yerləşdiriblər. C.Cəfərov isə müxtəlif müəssisə və iaşə obyektləri
ilə “whatsapp” mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayaraq özünü
brend əşyaların ucuz qiymətə alış-verişində vasitəçi kimi təqdim
edib. Nəticədə saxlanılan şəxslər onlara beh göndərən
zərərçəkənlərə qarşı dələduzluq edərək pul vəsaitlərini ələ
keçiriblər.




Tədbirlər zamanı saxlanılan Ş.Rəcəbov isə xarici ölkələrə
gedərək oradan Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərlə
əlaqə saxlayıb özünü elektron poçt və rəsmi saytların idarəedilməsi
şirkətinin rəhbəri kimi təqdim edib.

Daha sonra o, müəssisələrə məxsus domenlərin yerləşdiyi server
və elektron xidmətlərin onun nəzarəti altına keçdiyini və ödəniş
edilməyəcəyi təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam
dayandıracağını bildirib. Saxlanılan şəxs bu yolla qanunsuz olaraq
əldə etdiyi vəsaitləri müxtəlif insanların adına olan hesablara
köçürərək nağdlaşdırıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb. Ş.Rəcəbov və A.Bədəlov barəsində
məhkəmənin qərarı ilə həbs, digərləri haqqında isə alternativ
qətimkan tədbirləri seçilib.

Bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edərkən
ayıq-sayıq olmağı, reallığına şübhə etdikləri elan, müraciət və
çağırışlara aldanmamağı, tanımadıqları şəxslərə onlayn qaydada
ödəniş etməkdən çəkinməyi tövsiyə edirik.