
Bakı. Trend:
Noyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar
Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi
vəzifəsinə təyin olunmuş Ceyhun Ramiz oğlu Cəlilovu muxtar
respublikanın ictimaiyyətinə təqdim edib.
Trend xəbər
verir ki, tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər
Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Təqdimat mərasimində çıxış edən Samir Nuriyev bildirib ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar
Respublikasının sosial, iqtisadi və mədəni inkişafı məsələlərini
daim diqqət mərkəzində saxlayır.
Ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi
Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata
keçirildiyini qeyd edən Prezident Administrasiyasının rəhbəri
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
2023–2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul edildiyini,
davamlı iqtisadi və sosial artıma nail olmaqla muxtar respublikanın
inkişafının sürətləndirilməsinin və ölkə iqtisadiyyatına tam
inteqrasiyasının əsas hədəf olduğunu qeyd edib.
Bildirilib ki, Dövlət Proqramının həyata keçirilməsinə dair
Tədbirlər Planına uyğun olaraq əlverişli biznes mühitinin
yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd
təsərrüfatının, turizmin, infrastruktur təminatının, sosial
sferanın, insan kapitalının və digər sahələrin inkişafı ilə bağlı
qaşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün mövcud
imkanlardan daha səmərəli istifadə olunmalı və bütün qüvvələr
səfərbər edilməlidir.
Prezident İlham Əliyevin noyabrın 12-də yeni təyinatlarla
əlaqədar qəbulda səsləndirdiyi fikirlərə toxunan Prezident
Administrasiyasının rəhbəri dövlətimizin başçısının xalqa xidməti,
təvazökarlığı, vəzifə borcuna məsuliyyətli yanaşmanı əsas iş
prinsipləri hesab etdiyini və hər bir məmurun öz fəaliyyətində bu
prinsipləri rəhbər tutmalı olduğunu deyib.
Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini
muxtar respublikanın yeni rəhbərliyinə çatdıraraq dövlətimizin
başçısının göstərdiyi etimadın doğruldulacağına ümid etdiyini
bildirib.

