Azərbaycanda bu ilin 6 ayı ərzində qadın sahibkarların sayı 7 % artaraq 333 minə yaxın olub.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin təxminən yarısı kənd təsərrüfatı məhsullarının istehsalı sektoruna, digər yarısı isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib, bunun 76 %-i regionların payına düşüb: “Fondun vəsaiti hesabına banklar vasitəsi ilə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində sahibkarların ümumi dəyəri 564 milyon manat olan 4 590 investisiya layihəsinə 250 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3 500 yeni iş yerinin açılması imkanı yaranıb”.
O qeyd edib ki, eyni zamanda, 2025-ci ilin 10 ayı ərzində Fond tərəfindən 498 investisiya layihəsinə 27,9 milyon manat güzəştli kredit verilib, bu, 367 yeni iş yerinin açılması imkanı yaradıb: “Bununla yanaşı qeyd etmək istərdim ki, Azərbaycanda inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin və iqtisadiyyatın müxtəlif sahələrində layihələrinin reallaşdırılmasına da şərait yaradıb. Bunun nəticəsidir ki, bu ilin 6 ayı ərzində qadın sahibkarların sayı 7 % artaraq 333 minə yaxın olub”.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

