Vətəndaş nə üçün övladını repetitor yanına göndərməli və dövlətin təhsil siyasəti barədə başqa fikirdə olmalıdır? – Vitse-spiker

Baş səhifə

Bakı. Trend:

Təhsilimizin sağlamlaşdırılmasından, keyfiyyətinin, rəqabət
qabiliyyətliliyinin artırılmasından, əmək bazarının tələbatına
cavab verməsindən, elmin nəticələrinin iqtisadiyyata, istehsalata
tətbiqindən, kənd məktəblərinin ixtisaslı müəllim kadrları ilə
təmin edilməsindən ötrü görülən işlər müsbət olsa da, hələ də
problemlər qalır.

Trend xəbər
verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı
parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və
təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.




“Dünyanın digər ölkələrində olsa da, nə üçün vətəndaş öz
övladını repetitor yanına göndərməli və dövlətin təhsil siyasəti
barədə başqa fikirdə olmalıdır? Təhsilin sağlamlaşdırılmasından
ötrü Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanları
ədalətli üsul kimi əhəmiyyətli olsa da, regional təhsil idarələri,
şöbələri, məktəb direktorları dərslərin keyfiyyətini
yaxşılaşdırmaqdan ötrü səylə çalışmalıdırlar. Əgər məktəbə öz işini
yaxşı bilən şəxs direktor təyin edilərsə, o zaman bu sahədə
narahatlıqlar indiki səviyyədə olmayacaq”, – deyə M.Qasımlı qeyd
edib.