DMX rəisi: Yüksəkixtisaslı miqrantların cəlb edilməsi uzunmüddətli perspektivdə ölkənin inkişafına töhfə verir

Baş səhifə

Yüksəkixtisaslı miqrantlar ölkəyə yalnız bilik və bacarıq deyil, eyni zamanda innovativ yanaşma gətirir, əmək bazarında mövcud boşluqların doldurulmasına və uzunmüddətli perspektivdə Azərbaycanın inkişafına töhfə verirlər.

“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Yüksəkixtisaslı miqrant portalı”nın təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda yüksək ixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə cəlb edilməsini asanlaşdırmaq, onların bilik və bacarıqlarını Azərbaycanın sosial-iqtisadi inkişafına yönəltmək, eləcə də bu sahədə çevik idarəetməni təmin etmək məqsədilə “Yüksək ixtisaslı miqrant proqramı” təsis edilib:

“Belə ki, əcnəbilər öz bilik, bacarıq və təhsil səviyyələrini təqdim etməklə tələb olunan 100 baldan minimum 70 bal topladıqları halda müvafiq dövlət qurumları tərəfindən onların müraciətləri nəzərdən keçirilir”.

DMX rəisi onu da vurğulayıb ki, bu portal yüksək ixtisaslı əcnəbilər üçün Azərbaycanda öz uğur hekayələrini yazmaq, bilik və təcrübələrini Azərbaycanın inkişafına yönəltmək üçün geniş imkanlar yaradır:

“Yüksək ixtisaslı miqrantlara yönəlik siyasət və proqramlar bir çox ölkələrdə tətbiq olunur və bu sahədə qlobal rəqabət mövcuddur. Azərbaycan da bu proqramı təqdim etməklə həmin yarışa qoşulur. Ölkəmizdə mövcud olan sabitlik, dinamik və dayanıqlı inkişaf, turizm və investisiyaların təşviqi, əcnəbilərin inteqrasiyası üçün yaradılan şərait və tətbiq edilən güzəştlər bu proqramı rəqabət qabiliyyətli edir”.

V.Hüseynov vurğulayıb ki, əgər 20 gün ərzində qiymətləndirmə müsbət nəticələnərsə, həmin şəxs Azərbaycana sadələşdirilmiş qaydada viza ala bilər, özü və ailə üzvləri üçün yaşama icazəsi əldə edə bilər və gələcəkdə vətəndaşlığa qəbul üçün müraciət imkanı qazana bilər:

“Bu şəxslər həmçinin iş icazəsindən azaddırlar. Portalda qeydiyyatdan keçən işəgötürənlər də yüksək ixtisaslı əcnəbilərin bazasına çıxış əldə edərək, onlarla birbaşa əlaqə saxlaya və iş təklifləri göndərə biləcəklər”.