Bakı. Trend:
Suriyanın Daxili İşlər Nazirliyi Dəməşq ətrafında mikroavtobusda
baş vermiş partlayış nəticəsində ölənlərin olması ilə bağlı
məlumatları təkzib edib.
Bu barədə nazirliyin Telegram kanalında yayımlanan bəyanatda
bildirilib.
“Daxili İşlər Nazirliyi Cəmaran qəsəbəsində baş vermiş
partlayışla bağlı araşdırmaları davam etdirir. Hadisə nəticəsində
14 mülki şəxs xəsarət alıb”, – deyə məlumatda qeyd olunub.
Suriyanın paytaxtının Səhiyyə İdarəsinin nümayəndələri də
ölənlərin olması ilə bağlı məlumatı təkzib ediblər. Bu barədə Syria
TV telekanalı məlumat yayıb.
Hadisə avqustun 6-da axşam saatlarında Dəməşq ətrafında baş
verib. İlkin məlumata görə, mikroavtobusa partlayıcı qurğu
yerləşdirilib.

