Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da
NATO nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro,
Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç,
Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri,
həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin
müavinləri daxildir.

Trend xəbər verir ki, NATO
nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul
olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi
nümayəndəsi Basat Öztürk dövlətimizin başçısının NATO
mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladı.

O, Azərbaycanın hazırkı inkişafının təməlinin Ulu Öndər Heydər
Əliyev tərəfindən qoyulduğunu deyərək, Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə daha da gücləndiyini
vurğuladı.

Qonaqlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin
irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş
nailiyyətlər münasibəti ilə Prezident İlham Əliyevə təbriklərini
çatdırdılar.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı bu
məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd etdi və
əldə olunmuş razılaşmaların regionun inkişafı üçün geniş imkanlar
açdığını dedi.

Prezident İlham Əliyev də öz növbəsində NATO mənzil-qərargahına
səfərlərini xatırladaraq qeyd etdi ki, Əfqanıstandakı əməliyyatlara
dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da,
ölkəmizlə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi
və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun NATO standartlarına
uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx
əməkdaşlığı vurğuladı. Bu xüsusda ölkəmizlə alyans arasında
əlaqələrin genişləndirilməsinin roluna toxundu.

Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində
müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı –
torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd etdi ki,
ordumuzun müasiriləşdirilməsi prosesi bundan sonra da davam
edəcək.

Dövlətimizin başçısı NATO nümayəndə heyətinin ölkəmizə səfərinin
uğurlu olacağına ümidvarlığını bildirdi.

Söhbət zamanı Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğu
vurğulandı, Silahlı Qüvvələrimizin Əfqanıstanda “Qətiyyətli dəstək”
əməliyyatlarındakı xidmətləri, bu xüsusda ölkəmizin regional
nəqliyyat və logistika mərkəzi kimi töhfələri yüksək
qiymətləndirildi, sülhməramlılarımızın Əfqanıstanı sonuncu tərk
edən hərbi qulluqçular olduğu qeyd edildi.

Azərbaycanın alyans üzvləri ilə sıx dostluq və strateji
tərəfdaşlıq əlaqələrinə toxunuldu, NATO-nun “Sülh naminə
tərəfdaşlıq” Proqramı çərçivəsində ölkəmizin 1994-cü ildən alyansın
proqramlarında fəal iştirak etdiyi bildirildi.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə
olundu, regional və qlobal məsələlərə dair fikir mübadiləsi
aparıldı.