Zəfərin 5 ili: “Aztelekom” Böyük Qayıdışa töhfə verməyə davam edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı
tarixi Zəfərdən beş il ötür.

Bu illər ərzində azad edilmiş ərazilərdə həyat yenidən canlanır,
şəhərlər və kəndlər müasir infrastrukturla bərpa olunur. AZCON
Holding şirkətlərindən olan “Aztelekom” MMC də bu prosesdə fəal
iştirak edərək “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internet
infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər görür.

Hazırda ümumilikdə 9 şəhər, 18 kənd və qəsəbə rabitə xidmətləri
ilə təmin olunub. İnfrastrukturdan 6020 abunəçi istifadə edir.
Onlardan 1022 nəfər əlavə olaraq telefon, 1316 nəfər isə İPTV
xidmətlərindən yararlanır.




Bölgələrdə quraşdırılmış 19 OLT (Optik Xətt Terminalı)
avadanlığı vasitəsilə müasir GPON (Giqabit Tutumlu Passiv Optik
Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet
bağlantısı yaradılıb.

Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan
mərhələsində 22 şəhər və rayonlararası magistral xəttin tikintisi
planlaşdırılıb. Onlardan 6 magistralda işlər artıq yekunlaşıb, 7
istiqamətdə tamamlanma mərhələsindədir, 8 istiqamətdə tikinti davam
edir, 1 magistral üzrə isə işlərin ilin sonunadək başlanması
planlaşdırılır. Ümumi uzunluğu 680 kilometr olan fiber-optik
magistral şəbəkə bölgənin davamlı və təhlükəsiz rabitə təminatını
gücləndirəcək.

Şirkət gələcək illərdə də bu istiqamətdə fəaliyyətini
genişləndirərək regionda müasir və dayanıqlı rabitə
infrastrukturunun tam formalaşdırılmasına töhfə verəcək.