Vaşinqton sammiti Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi üçün başlanğıc oldu – Ariel Koen

Baş səhifə

Bakı.Trend:

Vaşinqton sammiti Azərbaycanla Ermənistan arasında sülhün
möhkəmləndirilməsi üçün başlanğıc nöqtəsi oldu.

Bunu Trend-ə “Atlantic Council”ın baş elmi əməkdaşı, Vaşinqtonda yerləşən “International Tax and Investment Center”in enerji, inkişaf və
təhlükəsizlik üzrə idarəedici direktoru Ariel Koen deyib.

“Vaşinqton sammitindən bir il sonra ABŞ liderliyinin aktiv rolu
ilə Ermənistanla Azərbaycan arasında münasibətlər struktur
dəyişikliklərə məruz qalıb. Sammit sülh prosesinin başa çatması
deyil, onun daha uzunmüddətli perspektivdə möhkəmləndirilməsinin
başlanğıcı oldu”, – deyə o bildirib.

Koenin sözlərinə görə, 2025-ci il avqustun 8-də ABŞ Prezidenti
Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ağ Evdə
keçirilən görüş Birgə Bəyannamənin imzalanmasına, dövlətlərarası
münasibətlərə dair hərtərəfli sülh sazişinin mətninin
paraflanmasına, aktuallığını itirmiş ATƏT-in Minsk qrupunun formal
olaraq buraxılmasına, eləcə də “Beynəlxalq Sülh və Rifah Naminə
Tramp Marşrutu”nun (TRIPP) işə salınmasına gətirib çıxarıb.

“Bu nəticələr Cənubi Qafqazın onilliklər boyu davam edən və “sıfır cəmli” oyun məntiqinə əsaslanan münaqişədən sərhədlərin
tanınmasına, suverenliyə hörmətə və iqtisadi qarşılıqlı asılılığa
söykənən yeni modelə, yəni ABŞ-nin strateji maraqlarına cavab verən
qarşılıqlı fayda arxitekturasına keçidini nümayiş etdirdi”, –
ekspert qeyd edib.

O bildirib ki, praktiki nəticələr artıq açıq şəkildə görünür və
ABŞ-nin prioritetlərinə cavab verir.

“Sərhəddə sakitlik qorunur, atışma ilə bağlı heç bir məlumat
daxil olmayıb. Azərbaycan tranzit məhdudiyyətlərini aradan qaldırıb
və Ermənistana neft məhsulları tədarük etməyə başlayıb, eyni
zamanda üçüncü ölkələrdən olan mallar artıq Azərbaycan ərazisindən
keçə bilər. Sərhədin delimitasiyası prosesi ikitərəfli
hökumətlərarası komissiya çərçivəsində davam edir. Azərbaycanın
əsas hissəsini Naxçıvanla birləşdirən, Ermənistanın cənub
hissəsindən keçən, təxminən 43 kilometr uzunluğunda olan və
Ermənistanın suverenliyinin tam qorunması, eləcə də ABŞ-nin
inkişafına dəstəyi ilə həyata keçiriləcək TRIPP dəhlizi
konsepsiyadan praktiki icraya keçir. Tikintiyə 2026-cı ilin sonrakı
dövründə başlanılması gözlənilir. Bu addımlar regionun xarici
sabitliyin pozulması qarşısında həssaslığını azaldır”, – deyə Koen
bildirib.

Ekspert qeyd edib ki, sülh müqaviləsinin yekun ratifikasiyası
hələ də Ermənistan Konstitusiyasına ərazi iddiaları ilə bağlı
mövcud müddəaları aradan qaldırmalı olan dəyişikliklərin
edilməsindən asılıdır. Onun sözlərinə görə, bu proses ölkədəki
daxili siyasi vəziyyətlə birbaşa bağlıdır.

O bildirib ki, sabitliyin pozulmasında maraqlı olan xarici
qüvvələr hələ də risk amili olaraq qalır və onların qarşısının fəal
şəkildə alınmasını tələb edir.

“Beləliklə, sammit həqiqətən də dönüş nöqtəsinə çevrildi və buna
iki ölkə və onların liderləri arasında əldə olunmuş razılaşma,
eləcə də ABŞ-nin diplomatik səyləri imkan yaratdı. Lakin sülhün
institusional səviyyədə möhkəmləndirilməsi və regional qarşılıqlı
əlaqələrin tamhüquqlu infrastrukturunun yaradılması sonrakı illərdə
ABŞ-nin davamlı iştirakını tələb edəcək”, – Koen əlavə edib.

Vaşinqton əvvəlki formatların uğursuz olduğu halda niyə
uğur qazana bildi?

Koen qeyd edib ki, otuz il ərzində ATƏT-in Minsk qrupu, eləcə də
sonrakı Avropa və Rusiya təşəbbüsləri münaqişənin yekun həllindən
daha çox dondurulmuş münaqişənin idarə olunmasına yönəlmişdi.

“Onlar ərazi bütövlüyü məsələsinə danışıqlar predmeti kimi
baxır, razılaşmaların etibarlı icra mexanizmlərini, eləcə də
qarşılıqlı faydaya əsaslanan iqtisadi stimulları təklif etmirdilər.
Azərbaycan 2020 və 2023-cü illərdə güc yolu ilə Qarabağ üzərində
nəzarəti bərpa etdikdən sonra hərbi balans geri dönməz şəkildə
dəyişdi. Rusiyanın resursları əsasən Ukraynadakı müharibəyə
cəmləşdi, Ermənistanın Moskvanın təmin etdiyi hərbi dəstəkdən
ənənəvi asılılığı isə zəifləməyə başladı. Nəticədə hər iki paytaxt
belə bir nəticəyə gəldi ki, qarşıdurmanın davam etdirilməsi
getdikcə daha az nəticə verəcək”, – deyə o bildirib.

Ekspert vurğulayıb ki, Tramp administrasiyası əvvəlki
vasitəçilərdə çatışmayan üç amili təklif edib: ən yüksək səviyyədə
siyasi iradəni, hər iki tərəfin etimad göstərdiyi vasitəçini və
nəqliyyat əlaqələrinin inkişafı üzrə konkret tədbirlər
paketini.

Onun sözlərinə görə, məhz bu, münaqişəni təhlükəsizlik sahəsində “sıfır cəmli” oyun məntiqindən qarşılıqlı iqtisadi fayda modelinə
keçirməyə imkan verib.

“TRIPP-nin həyata keçirilməsinə və inkişafına yardım
göstərilməsində əsas rolu ABŞ-nin üzərinə qoymaqla və Ermənistanın
suverenliyini tam qorumaqla Vaşinqton dəhliz ətrafında uzun illər
davam edən mübahisəni həll etdi və ABŞ üçün regionun sabitliyində
konkret maraq yaratdı. Sülh müqaviləsinin mətninin və Birgə
Bəyannamənin açıq şəkildə paraflanması əldə olunmuş razılaşmalardan
mümkün imtinanın siyasi qiymətini artırdı. Bu, razılaşmanın
bağlanmasına əsaslanan ən effektiv Amerika diplomatiyasının klassik
nümunəsidir: Vaşinqton əvvəlki yanaşmaların təmin edə bilmədiyi
nəticələrə nail olmaq üçün dəyişmiş qüvvələr nisbətindən istifadə
etdi. Bununla da razılaşma birbaşa ABŞ-nin əsas maraqlarına cavab
verir”, – deyə o bildirib.

Koen qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sülhün
artıq praktikada mövcud olması ilə bağlı bəyanatı böyük ölçüdə
reallığa uyğundur və artıq Cənubi Qafqazı ABŞ-nin strateji
maraqlarına cavab verən istiqamətdə dəyişməyə başlayıb.

“Zorakılığın olmaması, ticarət və tranzit əlaqələrinin
başlanması, Ermənistanda labüd hərbi təzyiqlə bağlı narahatlıqların
azalması və regional əməkdaşlığın ümumi dilinin formalaşması yeni
reallığın artıq yaranmaqda olduğunu göstərir. TRIPP Mərkəzi Asiya
və Xəzər regionunu Türkiyə və Avropa bazarları ilə birləşdirən Orta
Dəhlizi gücləndirir. Ermənistan təcriddən çıxmaq imkanı əldə edir,
Azərbaycan əsas tranzit qovşağı kimi rolunu möhkəmləndirir, ABŞ isə
əvvəlki administrasiyaların kifayət qədər diqqət yetirmədiyi
strateji əhəmiyyətli regionda öz təsirini yenidən gücləndirir”, –
deyə o bildirib.

Koenin fikrincə, əldə olunmuş nəticə Tramp administrasiyasının
Avrasiyadakı irsinin əsas nailiyyətlərindən birinə çevrilib. Bu,
konkret razılaşmaların əldə edilməsinə əsaslanan, qarşılıqlı
əlaqələrin inkişafı, mövcud nizamı yenidən nəzərdən keçirməyə
çalışan güclərin fəaliyyət imkanlarının məhdudlaşdırılması və
münaqişənin yenidən başlamasının qiymətini artıran iqtisadi
qarşılıqlı asılılığın formalaşdırılması yolu ilə ABŞ-nin
maraqlarının təşviqinə yönəlmiş praqmatik diplomatiya
nümunəsidir.

“Bununla yanaşı, çağırışılar da qalmaqdadır – İrəvanda daxili
siyasi maneələr, siyasi elitalar arasında əldə olunmuş
razılaşmaların daha geniş ictimai qəbul səviyyəsinə çatdırılması
zərurəti. ABŞ-nin davamlı iştirakı, TRIPP-nin icrasının başa
çatdırılması, eləcə də Bakı və İrəvanın ardıcıl siyasi iradəsi bu
faktiki sülhün geri dönməz olub-olmayacağını müəyyən edəcək”, –
deyə Koen fikrini yekunlaşdırıb.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə
Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan
Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin
bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə
üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək
Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər
nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini
(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk
konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və
Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)
imzalayıblar.