Paşinyan niyə məhz bu gün İlham Əliyevə zəng etdi? – Mühüm detallar AÇIQLANDI

Baş səhifə

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində liderlər səviyyəsində birbaşa təmaslar mühüm siyasi əhəmiyyət daşıyır. Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra Bakı ilə İrəvan arasında dialoqun davam etdirilməsi sülh gündəliyinin praktik müstəviyə keçməsinin əsas göstəricilərindən biri kimi qiymətləndirilir.

Bu baxımdan Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqton Sülh Sammitinin və Azərbaycanla Ermənistan arasında Sülh Sazişinin mətninin paraflanmasının 1-ci ildönümündə Prezident İlham Əliyevə zəng etməsi diqqət çəkir. Telefon danışığının məhz bu tarixə təsadüf etməsi, tərəflərin ötən bir ildə normallaşma prosesində əldə edilmiş nəticələri müzakirə etməsi və sülh prosesinin davam etdirilməsi ilə bağlı mövqelərini ifadə etməsi Bakı-İrəvan siyasi dialoqunun hazırkı mərhələsi və bundan sonrakı perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyır.

Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini Modern.az-a şərh edən Milli Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, telefon danışığı şübhəsiz ki, mühüm siyasi, daha dəqiq desək, simvolik məna daşıyır. Çünki bu zəng 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sülh sammitinin və Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasının 1-ci ildönümünə təsadüf edir. Məhz həmin gündə edilən zənglə Nikol Paşinyan bir sıra mühüm siyasi mesajlar vermiş oldu.

Deputat qeyd edib ki, ilk növbədə bu zəng Ermənistanın Vaşinqtonda əldə olunmuş razılaşmalara sadiqliyini nümayiş etdirir və ölkənin üzərinə götürdüyü öhdəliklərdən irəli gələrək Azərbaycanla sülh prosesinin irəli aparılmasında maraqlı olduğunu ifadə edir:

“Bu baxımdan zəng siyasi əhəmiyyətə malikdir və bütövlükdə prosesin davamlılığını göstərən çox vacib hadisə kimi dəyərləndirilir.

Birbaşa zəngin Azərbaycan Respublikasının Prezidentinə edilməsi Bakı-İrəvan dialoqunun artıq ayrıca siyasi dəyərə malik olduğunu və birbaşa təmasların olduqca əhəmiyyətli olduğunu göstərir. Nəzərə alsaq ki, zəng zamanı qaldırılan məsələlər, xüsusilə paraflanmış sülh sənədi və region üçün mühüm əhəmiyyət daşıyan digər mövzular, o cümlədən kommunikasiyalar və münasibətlərin normallaşmasına xidmət edən proseslər müzakirə olunub, bu da göstərir ki, son bir il ərzində mühüm hadisələr baş verib və siyasi dialoq davam etdirilir. Tərəflər sülh sənədində yer alan müddəalara uyğun olaraq fəaliyyətlərini davam etdirirlər.

Amma təbii ki, burada bir sıra məsələlər Ermənistanın üzərində öhdəlik olaraq qalmaqdadır. Bunlar yeni mərhələdə Bakı ilə İrəvan arasında intensivləşəcək birbaşa siyasi dialoq nəticəsində öz həllini tapması gözlənilən məsələlərdir”.

Milli Məclisin üzvü vurğulayıb ki, digər mühüm məqam isə son bir il ərzində əldə olunan nəticələrin müsbət qiymətləndirilməsidir:

“Çünki əsas məsələ sülh prosesinin yalnız sənəd üzərində qalmaması, diplomatik və digər kanallar vasitəsilə münasibətlərin praktiki normallaşmasına keçidin təmin edilməsidir. Telefon danışığında qeyd olunan məsələlər də məhz bu praktiki müstəvidə həyata keçirilən işlərin davam etdirilməsi və daha geniş kontekstdə reallaşdırılmasına xidmət edir.

İki ölkə arasında münasibətlərdə ən önəmli məsələ real sülh şəraitinin formalaşmasıdır və bu da artıq müsbət nəticə kimi dəyərləndirilir. Real sülhün qurulmasında Vaşinqton razılaşmalarının çox böyük rolu var. Gözlənilir ki, bu sülh digər istiqamətlərdə də öz nəticəsini verəcək. Xüsusilə iqtisadi sahədə – qarşılıqlı ticarət, enerji və digər əlaqələrin genişləndirilməsi, eyni zamanda regional müstəvidə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması fonunda Cənubi Qafqazda nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından mühüm nəticələr gözlənilir”.

Deputat onu da əlavə edib ki, TRIPP layihəsi ilə bağlı proses də diqqət mərkəzində saxlanılmalıdır:

“Bu telefon zəngi təkcə sülh münasibətlərinin qurulmasına sadiqliyi deyil, eyni zamanda Vaşinqtonda əldə olunmuş digər razılaşmalara, o cümlədən TRIPP layihəsinə sadiqliyi də nümayiş etdirir.

Önəmli məsələlərdən digəri də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müddəaların çıxarılması üçün referenduma gedilməsidir. Məhz bu addım bütövlükdə sülh sazişinin imzalanmasını mümkün edəcək. Bəlkə də iki ölkə arasında münasibətlərin normallaşdırılmasının son akkordu Ermənistan Konstitusiyasının dəyişdirilməsi olacaq və bu da referendum yolu ilə mümkün ola bilər.

İstənilən halda bu zəng bir daha göstərir ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar tarixi dönüş nöqtəsidir. Vaşinqtonun Cənubi Qafqazda gedən sülh prosesində, eləcə də reallaşmaqda olan inteqrasiya layihələrinin, xüsusilə nəqliyyat və logistika layihələrinin həyata keçirilməsində yaxından iştirakı zəruridir. Bu isə ABŞ-Cənubi Qafqaz xətti üzrə yeni siyasi konfiqurasiyanın formalaşdığını göstərir”.

A.Allahverənov onu da diqqətə çatdırıb ki, bu zəng həm də Ermənistanın gələcək inkişaf strategiyasında Azərbaycanla uğurlu qonşuluq siyasəti həyata keçirmək niyyətini nümayiş etdirir:

“Azərbaycanın gözləntisi isə Ermənistanda sülh münasibətlərinin qurulması istiqamətində real praktiki addımların atılmasıdır. Bu addımlar arasında Ermənistan Konstitusiyasında yer alan ərazi iddialarının çıxarılması əsas şərt olaraq qalır. Ermənistanın siyasi dairələrində bu mövzu ətrafında geniş müzakirələrin aparıldığını görürük və ümid edirik ki, İrəvan siyasi iradə nümayiş etdirərək Konstitusiyadakı ərazi iddialarının çıxarılması ilə bağlı real addımlar atacaq”, – deyə deputat fikrini tamamlayıb.