Fransa XİN: Azərbaycan və Ermənistan arasında sülh prosesində mühüm və cəsarətli addımlar atılıb

Baş səhifə

Fransa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə Vaşinqtonda əldə olunmuş tarixi sülh razılaşmasının ildönümü ilə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, Fransa XİN-in bəyanatında bildirilib ki, 8 avqust 2026-cı ildə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması haqqında tarixi razılaşmanın birinci ildönümü tamam olur.

“Ötən il ərzində hər iki ölkənin hakimiyyət orqanları sülhün öz xalqları üçün hissolunan olması istiqamətində mühüm və cəsarətli addımlar atıblar”, – bəyanatda qeyd olunub.

Fransa XİN bildirib ki, prosesin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və ratifikasiyası, sərhədlərin açılması və regional qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi ilə davam edəcəyinə ümid edir:

“Bu, Cənubi Qafqazın yenidən hərtərəfli əməkdaşlıq zonasına, Avropa ilə Asiya arasında əlaqələndirici halqaya çevrilməsinə imkan verə bilər”.

Bəyanatda həmçinin qeyd olunub ki, Fransa Avropadakı tərəfdaşları ilə birlikdə Azərbaycan və Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına fəal şəkildə töhfə verməyə davam edəcək:

“Bu, hər iki ölkəyə tam hörmət şəraitində həyata keçiriləcək”.