
Bakı. Trend:
Ermənistan blokadanın aradan qaldırılmasının faydalarını ilk
əldə edən ölkə olub və Azərbaycan ərazisindən keçməklə xarici
aləmlə dəmir yolu əlaqəsi əldə edib.
Bunu Ermənistan parlamentinin spikeri Ruben Rubinyan Vaşinqton
Bəyannaməsinin imzalanmasının birinci ildönümü ilə bağlı “Facebook”
sosial şəbəkə hesabındakı videomüraciətində deyib.
Onun sözlərinə görə, bir il əvvəl Vaşinqtonda Sülh Bəyannaməsi
imzalanarkən skeptiklər bunun real sülh gətirəcəyinə
inanmırdılar.
“Onlar bunun sərhəddə davamlı atışmalara və itkilərə son
qoyacağına inanmırdılar. Onlar bizim blokadadan çıxacağımıza
inanmırdılar. Onlar açıq şəkildə deyirdilər ki, bunu etməklə biz
qarşı tərəfə irəliləmək üçün yol veririk, əvəzində isə heç nə əldə
etmirik və blokada şəraitində qalırıq. Sonrakı bir il ərzində baş
verənlər bunun əksini göstərdi”, – deyə spiker bildirib.
Rubinyan vurğulayıb ki, Ermənistan nəinki blokadada qalmayıb,
həm də blokadanın aradan qaldırılmasının faydalarını ilk əldə edən
ölkə olub və Azərbaycan ərazisindən keçməklə xarici aləmlə dəmir
yolu əlaqəsi əldə edib.
O, eyni prosesin Türkiyə istiqamətində də baş verdiyini,
Türkiyənin yaxın vaxtlarda Ermənistanın öz dəmir yolu şəbəkəsindən
istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını qeyd
edib.
“Bu, real sülhdür və biz buna sevinməliyik. Biz sülhə layiqik”,
– deyə Rubinyan bildirib.

