
Bakı. Trend:
Avqustun 8-i Azərbaycan üçün mühüm tarixi hadisənin ildönümüdür.
Bir il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri
çərçivəsində Vaşinqtonda keçirilən görüş və əldə olunan
razılaşmalar regionda yeni mərhələnin əsasını qoydu.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.
Deputatın sözlərinə görə, Vaşinqton görüşü uzun illər davam
etmiş münaqişədən sonra Cənubi Qafqazda formalaşmış yeni siyasi
reallığın beynəlxalq səviyyədə mühüm təsdiqlərindən biri idi:
“Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən
siyasətin nəticəsində regionda tamamilə yeni reallıq formalaşıb. Bu
reallıq artıq təkcə hərbi və siyasi müstəvidə deyil, beynəlxalq
münasibətlərdə və regionun gələcək inkişaf konsepsiyasında da öz
əksini tapır”.
A.Həsənova qeyd edib ki, sülh təşəbbüsünün əsasında Azərbaycan
tərəfindən irəli sürülən prinsiplər dayanır.
Deputat qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən
sonra qarşısına yalnız əldə etdiyi hərbi-siyasi nəticələri qorumaq
deyil, regionda davamlı sülhün və sabitliyin təmin olunması
məqsədini də qoydu:
“Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üçün
beş əsas prinsip irəli sürüb. Bu prinsiplər qarşılıqlı olaraq
dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi
müstəqilliyinin tanınması, bir-birinə qarşı ərazi iddialarının
olmaması, gələcəkdə belə iddialardan imtina, dövlətlərarası
münasibətlərdə güc tətbiqindən və güclə hədələmədən çəkinmək,
sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya əlaqələrinin
açılması kimi fundamental məsələləri əhatə edirdi. Prezident İlham
Əliyevin rəsmi çıxışlarında da sülh prosesinin məhz bu beş prinsip
əsasında qurulduğu dəfələrlə vurğulanıb.
Bu baxımdan sülh təşəbbüsünün məzmununun və əsas siyasi
çərçivəsinin Azərbaycan tərəfindən irəli sürüldüyünü xüsusi qeyd
etmək lazımdır. Azərbaycan müharibədən sonra regionu yeni
qarşıdurma mərhələsinə deyil, sülh və əməkdaşlıq mərhələsinə
gətirmək üçün konkret yol xəritəsi təqdim etdi”.
A.Həsənova qeyd edib ki, bu yanaşma Prezident İlham Əliyevin
siyasətində mühüm strateji xəttin göstəricisidir: Azərbaycanın öz
milli maraqlarını qorumaqla yanaşı, regional sabitlik üçün də
uzunmüddətli model formalaşdırması.
Deputat xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda
Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və
Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün
nəticələrinə dair Birgə Bəyannamə imzalanıb:
“Sənəddə Azərbaycan və Ermənistan liderlərinin razılaşdırılmış
sülh sazişi mətninin xarici işlər nazirləri tərəfindən
paraflanmasının şahidi olduqları qeyd edilir. Eyni zamanda, ATƏT-in
Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanması ilə
bağlı birgə müraciət imzalanıb və regionda kommunikasiyaların
açılmasının əhəmiyyəti təsdiqlənib.
Vaşinqtonda ortaya qoyulan sənədlər göstərdi ki, söhbət artıq
yalnız danışıqlardan getmir. Söhbət münaqişədən sonrakı dövrün
siyasi və iqtisadi arxitekturasının formalaşdırılmasından
gedir”.
Deputat vurğulayıb ki, bu prosesdə ABŞ Prezidenti Donald Trampın
vasitəçilik və siyasi dəstəyi də xüsusi əhəmiyyət daşıyır:
“Trampın Ağ Evdəki çıxışında Azərbaycan və Ermənistanın uzun
illər davam edən münaqişədən sonra sülh istiqamətində mühüm addım
atdığını vurğulaması Vaşinqtonun bu prosesə verdiyi siyasi
əhəmiyyəti nümayiş etdirirdi”.
Deputat hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə
ABŞ Prezidenti Donald Tramp arasında formalaşan siyasi dialoq da
Vaşinqton prosesinin mühüm elementlərindən biridir:
“Vaşinqton görüşündə iki lider arasında aparılan söhbətdə Tramp
Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişənin həllinə
görə Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev isə Trampın regionda sülhün əldə olunmasına
verdiyi töhfəni xüsusi qeyd etdi.
Bu dialoq onu göstərir ki, Azərbaycan öz xarici siyasətində
müxtəlif güc mərkəzləri ilə milli maraqlar əsasında qarşılıqlı
faydalı münasibətlər qurmağa qadirdir. Prezident İlham Əliyevin
xarici siyasətinin əsas xüsusiyyətlərindən biri də məhz budur”.

