
Bakı. Trend
Kriptovalyuta protokolu sayılan “Balancer” genişmiqyaslı haker
hücumunun qurbanı olub. Kibercinayətkarlar kriptovalyuta şəklində
120 milyon dollardan çox vəsaiti oğurlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Hadisə “Balancer V2 Composable Stable Pools” hovuzlarına
(istifadəçilərin birgə likvidlik yaratmaq üçün aktivlərini
topladıqları smart-kontrakt hesabı) təsir edib. Bu hovuzlar üçün
pauza mexanizminin etibarlılıq müddəti bitdiyi üçün onları təcili
bloklamaq mümkün olmayıb.
“GoPlus Security” ekspertlərinin bildirdiyinə görə, hücum
edənlər protokolun saxlanma sistemindəki hesablamaların
yuvarlaqlaşdırılması ilə bağlı boşluqdan istifadə ediblər.
“Balancer” komandası bloklanması mümkün olan bütün hovuzlar üçün
bərpa rejimini aktivləşdirib, eyni zamanda platformanın digər
məhsullarının, o cümlədən “Balancer V3″ün bu insidentdən zərər
görmədiyini vurğulayıb. Bununla paralel olaraq, fişinq kampaniyası
qeydə alınıb. Ffırıldaqçılar özlərini layihənin təhlükəsizlik
xidmətinin nümayəndələri kimi təqdim edərək, hakerlər tərəfindən
oğurlanmış vəsaitləri “mükafat” qarşılığında geri qaytarmağı təklif
ediblər.

