BMT-də Azərbaycanın ayrı-seçkiliyə qarşı mübarizədə atdığı addımlar vurğulanıb

Baş səhifə

Bakı. Trend:

Rasizm, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla bağlı
dözümsüzlük insan ləyaqətinə təhqirdir və insan hüquqları ilə əsas
azadlıqların ciddi şəkildə pozulması deməkdir.


Trend
xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi
Nümayəndəliyinin birinci katibi Şahriyar Hacıyev BMT Baş
Assambleyasının səksəninci sessiyasının Üçüncü Komitəsinin
iclasında müasir rasizm formaları üzrə Xüsusi Məruzəçi ilə
keçirilən interaktiv dialoq zamanı bildirib.

“Rasizm, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla bağlı
dözümsüzlük insan ləyaqətinə zidd olmaqla, insan hüquqları və əsas
azadlıqların ciddi pozuntusunu təşkil edir. Bu hallar həmçinin
bütün insan hüquqlarının tam reallaşdırılması üçün bərabər
imkanların təmin olunmasına mane olur.

Təəssüf ki, qeyd olunan davam edən və yenidən baş qaldıran
hallar dünyanın bir çox bölgələrində müşahidə olunur. Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsində göstərilən məqsədlərə uyğun
olaraq, beynəlxalq ictimaiyyət bu təhlükə ilə mübarizə aparmaq üçün
birgə və gücləndirilmiş tədbirlər görməlidir.

Azərbaycanın Konstitusiyası ayrı-seçkiliyi qəti şəkildə qadağan
edir və bütün vətəndaşların bərabər hüquq və azadlıqlarını təmin
edir. Hökumət irqi ayrı-seçkiliyin ləğvi üzrə Komitə ilə mütəmadi
dialoqu zamanı bu sahədə qəbul edilən milli tədbirlər barədə
ətraflı məlumat təqdim edir.

Mədəni müxtəlifliyin təşviqi və qorunması, eləcə də müxtəlif
mədəniyyətlər arasında qarşılıqlı anlaşma və körpülərin qurulması
istiqamətində səylər rasizm, irqi ayrı-seçkilik, ksenofobiya və
onlarla bağlı dözümsüzlüyə qarşı mübarizədə mühüm rol oynaya bilər.
Dözümlülük, qarşılıqlı anlayış və inklüzivlik mühiti təbliğat və
mədəni müxtəlifliyin fəal təşviqi vasitəsilə formalaşdırıla
bilər.

Qeyd etmək lazımdır ki, irqi üstünlük ideologiyasına əsaslanan
irqçi hərəkatlar insan həyatına ciddi təhlükə yaradır və
münaqişədən sonrakı barışıq proseslərinə mane olur. Dövlətlər irqçi
ayrı-seçkiliyi təşviq edən və qızışdıran təşkilatları açıq şəkildə
qınamalı və qadağan etməli, habelə belə təşkilatlarda iştirak və ya
onların fəaliyyətinə qoşulmanı milli qanunvericilik çərçivəsində
cəzalandırılan cinayət kimi tanımalıdırlar.

Azərbaycan öz ərazisində yaşayan bütün şəxslərin irqi, dərisinin
rəngi, mənşəyi, milli və ya etnik mənsubiyyətindən asılı olmayaraq,
onların hüquq və ləyaqətinin qorunmasına sadiq qalır və həm milli,
həm də qlobal səviyyədə irqi ayrı-seçkiliyin bütün formalarının və
təzahürlərinin aradan qaldırılması məqsədinə doğru səylərini davam
etdirəcək”, – deyə Hacıyev bildirib.