Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır
cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben
Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın
4-də davam etdirilib.

Trend xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar
Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq
məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən
şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi
üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə
heyətini, dövlət ittihamını müdafiə edən prokurorları,
tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə
nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra təqsirləndirilən Ruben Vardanyanın hüquqlarını müdafiə
edən yeni vəkili Emil Babışov məhkəməyə vəsatət təqdim edib.

Qeyd edib ki, ötən iclaslarda Ruben Vardanyan və həmin vaxt onun
hüquqlarını müdafiə edən vəkili məhkəməyə bir sıra vəsatətlər
təqdim ediblər. Məhkəmədə həmin vəsatətlərlə bağlı qəbul olunmuş
qərarların çıxarışları tam şəkildə müdafiə tərəfinə təqdim
edilməyib. Müdafiəçi sözügedən qərarların çıxarışlarının tam
şəkildə müdafiə tərəfinə təqdim olunmasını məhkəmədən xahiş
edib.

Qeyd edək ki, ötən iclasda Ruben Vardanyana dövlət hesabına yeni
vəkil təyin olunub. Həmin vaxtadək isə onun hüquqlarını özünün
seçdiyi vəkil müdafiə edirdi. İki iclas əvvəl Ruben Vardanyan
özünün seçdiyi vəkilindən imtina edib.

Hakim Zeynal Ağayev deyib ki, müdafiə tərəfinə indiyədək həmin
çıxarışlar təqdim olunub və bundan sonra da onlar bu hüquqlarından
istifadə edə biləcəklər.

Sonra Ruben Vardanyan növbəti vəsatətini təqdim edərək məhkəmə
iclasına Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin dəvət
olunmasını xahiş edib. Deyib ki, bu, ona qarşı irəli sürülən
ittiham üzrə maddələrdən biri – Azərbaycan Respublikasının dövlət
sərhədini qanunsuz keçmə ilə bağlıdır.

Ruben Vardanyanın müdafiəçisi Emil Babışov da təqsirləndirilən
şəxsin mövqeyini və vəsatətini müdafiə etdiyini bildirərək təmin
olunmasını xahiş edib.

Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal
Əliyev müdafiə tərəfinin vəsatətində kimin hansı səbəbdən
dindirilməsini, həmin şəxsin şahid qismində hansı ifadəni verə
biləcəyinin və bunun ifadənin təqsirləndirilən şəxsə qarşı irəli
sürülmüş ittihama nə kimi aidiyyətinin olmasını aydın
göstərmədiyini, həmçinin Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının
hazırkı iş üzrə qanunsuz sərhəd keçməyə dair ifadələrinə zərurət
olmadığını deyib.

Bildirib ki, əgər təqsirləndirilən şəxs Azərbaycan
Respublikasının dövlət sərhədini ittihamın əksinə olaraq qanuni
şəkildə keçdiyini iddia edirsə və bunu sübut etmək istəyirsə, buna
dair qanunlarda nəzərdə tutulmuş qaydalar var. Təqsirləndirilən
şəxs Azərbaycanın ərazisinə qanuni şəkildə daxil olubsa, onun
ümumvətəndaş pasportunda Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidmətinin möhürü olmalıdır. Pasportunda həmin möhürü göstərməklə
sübut edə bilər.

Vüsal Əliyev vəsatətin təmin olunmamasını məhkəmədən xahiş
edib.

Məhkəmə tərəfləri dinləyərək qərar qəbul edib. Qərara əsasən
vəsatət baxılmamış saxlanılıb.

Hakim Zeynal Ağayev, həmçinin deyib ki, həmin şəxsin barəsində
qanunla nəzərdə tutulmuş qaydada məlumatlar təqdim edilərsə, bu
məsələ müzakirəyə çıxarıla bilər.

Daha sonra hakim Z.Ağayev bildirib ki, iş üzrə zərərçəkmiş şəxs
qismində tanınmış bir qrup şəxs məhkəməyə müraciət ünvanlayaraq
üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai
istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən
ərizələr göndəriblər.

Tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz
etmədiklərini bildiriblər.

Ardınca Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq
siyasəti nəticəsində törədilmiş cinayət zamanı zərər çəkənlər ifadə
veriblər.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran
zərərçəkmiş Saqif Mikayılov bildirib ki, Xocalı rayonunun Əsgəran
qəsəbəsi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz
erməni silahlı dəstələrinin təxribatı nəticəsində xəsarət alıb.

Zərərçəkmiş şəxs Aydın Qəribov ifadəsində qeyd edib ki, Şuşa
rayonunun Xəlfəli kəndində düşmən tərəfindən açılmış atəşlər
nəticəsində o, Ceyhun Şahnamazlı və Tərlan Cabbarov
yaralanıblar.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin
şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş
Kənan Əbilov Xankəndi rayonunun adsız yüksəkliyində düşmənin odlu
silahlardan açdığı atəşlər nəticəsində sol qolundan güllə yarası
aldığını deyib.

Zərərçəkmiş şəxs Yusif Veysov ifadəsində bildirib ki, Xocalı
rayonunun Çanaqçı kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin
qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin minaatandan
atdıqları mərmilərdən birinin yaxınlığına düşərək partlaması
nəticəsində diz qapağından qəlpə yarası xəsarəti alıb.

Zərərçəkmiş şəxs Rahib Məmmədov dövlət ittihamçısı Fuad
Musayevin suallarını cavablandıraraq, Zəngilan rayonu ərazisində
düşmən tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində
Fərid Mehbalının, Təbriz Rəhimovun həlak olduğunu, özünün, İbrahim
Mayıllı, Seymur Həsənli və adlarını hazırda xatırlamadığı daha bir
neçə nəfərin yaralandığını deyib.

Toğrul Nəcəfli ifadəsində vurğulayıb ki, Zəngilan rayonu
ərazisində düşmənin təxribatı nəticəsində o və daha bir neçə nəfər
yaralanıb. Fərid Rüstəmov, Fərid Mehbalı, Təbriz Rəhimov isə həlak
olublar.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran
zərərçəkmiş Faiq Cəfərov qeyd edib ki, Laçın rayonu ərazisində
düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində
özü və bir neçə nəfər yaralanıb, daha bir neçə şəxs isə həlak
olub.

Zərərçəkmiş şəxs Emin Məmmədov Baş prokurorun böyük köməkçisi
Vüsal Əliyevin suallarına cavabında bildirib ki, Laçın rayonu
ərazisində düşmən tərəfindən atılan əl qumbarasının partlaması
nəticəsində Əli Əliyev həlak olub, eyni zamanda o, Tural Ağcabəyov,
Qabil Məmmədov və adlarını xatırlamadığı daha bir neçə nəfər
müxtəlif bədən xəsarətləri alıblar.

Ramazan Məhəmmədov ifadəsində qeyd edib ki, Xocavənd rayonu
ərazisində düşmən tərəfindən atılan top mərmisinin yaxınlığına
düşərək partlaması nəticəsində o və daha bir neçə nəfər
yaralanıb.

İfadə verən zərərçəkmiş şəxslər Seyran Eminov, Vüqar Məmmədov,
Tural Bağırov, Nərməddin Quliyev, Əli Rüstəmov, Əhməd İbrahimov,
Tural İmamquliyev, Saleh İsmayılov, Asif Məmmədov, Ariz Haşımov,
Vidadi Xaniyev, Nazir Güləliyev Kəlbəcər rayonu ərazisində düşmənin
təxribatı nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar.

Qulu Quliyev, Böyükağa Həsənov, Səxavət Quliyev ifadələrində
Laçın rayonu ərazisində, Seymur Həsənli, Asif Məmmədov, Uğur
Şükürlü isə Zəngilan rayonu ərazisində düşmən təxribatları
nəticəsində yaralandıqlarını bildiriblər.

Daha sonra ifadə verən İbad İsmayılov, İlkin Rəhimov və Elmir
Beydullayev Xocavənd rayonu, Ayxan Abdullayev Şuşa şəhərində İsa
bulağı, Gündüz Qurbanov Şuşa rayonunun Xəlfəli kəndi, Rəfael
Səlimov Ağdam rayonu, Hicran Sultanov isə Ağdərə rayonu ərazisində
Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı
dəstələrinin təxribatları zamanı yaralandıqlarını
vurğulayıblar.

Məhkəmədə, həmçinin cinayət işi materiallarında olan və ibtidai
istintaq zamanı toplanmış sənədlər elan olunub, sübutlar tədqiq
edilib.

Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in
100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),
112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113
(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və
adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,
116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,
120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,
29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),
192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2
(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu
zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),
279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri
ilə ittiham olunur.

Trend xatırladır ki, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər
maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben
Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində
aparılmışdır.