Pakistan dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Zəfər
Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər
verir ki, təbrik məktubunda qeyd olunub:

“Zati-aliləri.

Şanlı Zəfər Gününün beşinci ildönümü münasibətilə Zati-alinizə
və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından,
şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu gün Zati-alinizin uzaqgörən rəhbərliyi ilə Vətəninin
suverenliyini və ərazi bütövlüyünü fədakarlıqla bərpa edən
Azərbaycan xalqının əzmkar mübarizəsinin və qətiyyətinin
qürurverici təntənəsidir. İşğal olunmuş ərazilərin azad edilməsi
Azərbaycanın müasir tarixində ədalətin, dözümlülüyün və milli
birliyin rəmzi olan əlamətdar bir nailiyyət kimi qalır.

Bu il Qələbə Gününün qeyd olunması Ermənistanla münasibətlərdə
əhəmiyyətli inkişafdan sonra regionda davamlı sülhə doğru müsbət
nəticələrin təşviq edilməsi ilə üst-üstə düşdüyündən xüsusi
əhəmiyyət daşıyır. Bu tarixi məqam hamı üçün sabitlik, əməkdaşlıq
və firavanlıqla təmin olunacaq gələcəyin qurulması üçün yeni
ümidlər doğurur.

Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə
qətiyyətli və ardıcıl dəstəyini bir daha təsdiqləyir. Əminəm ki,
xalqlarımız və dövlətlərimiz arasında dostluq və qardaşlıq
əlaqələri qarşıdakı illərdə də möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və
səadət, qardaş Azərbaycan xalqına davamlı sülh, tərəqqi və
firavanlıq arzularımı çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.