
Bakı. Trend:
Sudanın Şimal Darfur əyalətinin inzibati mərkəzi olan Əl-Fəşer
şəhərində humanitar vəziyyət “Çevik Reaksiya Qüvvələri” (ÇRQ)
hərəkatının şəhəri ələ keçirməsindən sonra hər gün daha da
pisləşir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatla BMT-nin baş katibi
Antoniu Quterreş çıxış edib.
“Artıq 18 aydan çoxdur ki, Əl-Fəşer və Şimal Darfurun ətraf
əraziləri əzabların, aclığın, zorakılığın və kütləvi köçün
mərkəzinə çevrilib. Ötən həftə ÇRQ Əl-Fəşerə daxil olandan bəri
vəziyyət hər gün ağırlaşır”,- deyə o, Dohada keçirilən BMT-nin
sosial inkişaf sammiti çərçivəsində jurnalistlərə bildirib.
“Yüz minlərlə dinc sakin tələyə düşüb. İnsanlar qidalanma
çatışmazlığından, xəstəliklərdən və zorakılıqdan həyatını itirir”,-
deyə BMT baş katibi əlavə edib.
Quterreş zorakılığın və döyüş əməliyyatlarının dərhal
dayandırılmasına, münaqişə bölgələrinə humanitar yardımın maneəsiz
çatdırılmasına, eləcə də Sudana “silah və döyüşçü axınının”
qarşısının alınmasına çağırıb.

