İsveçin COP30 sammitinə nazirsiz qatılması mübahisə yaradıb

Baş səhifə

Bakı. Trend:

İsveçin noyabrda Braziliyada keçiriləcək COP30 iqlim sammitinə
hökumət üzvlərindən heç birini göndərməyəcəyi məlum olduqdan sonra
keçmiş xarici işlər naziri Marqot Vallström iqlim naziri Romina
Purmuhtarini kəskin tənqid edib.

Trend xəbər verir
ki, sammitdə İsveç nümayəndə heyətinə iqlim səfiri Mattias Frumeri
rəhbərlik edəcək.

Marqot Vallström bu qərarı Purmuhtarinin fəaliyyətsiz nazirlik
dövrünün “faciəvi sonu” kimi qiymətləndirib və bildirib ki,
Stokholm bu cür mühüm beynəlxalq tədbirdə hökumət səviyyəsində
təmsil olunmalı idi.




Hazırkı iqlim naziri Romina Purmuhtari isə hamilə olduğunu, Zika
virusuna yoluxma riskinə görə səfər edə bilməyəcəyini və Ümumdünya
Səhiyyə Təşkilatı ilə həkimlərin tövsiyələrinə əməl etdiyini
açıqlayıb.

Liberallar Partiyasının lideri Simona Mohamsson Purmuhtarini
müdafiə edərək, nazirlərin ailə həyatını dövlət xidməti ilə
birləşdirmək hüququna malik olduğunu vurğulayıb. Lakin Vallström
hesab edir ki, Purmuhtari səfəri hökumətin başqa bir üzvünə həvalə
etməli idi.