
Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən
aparılan nəzarət tədbirləri zamanı “Orxan 011” MMC-nin Türkiyədən
idxal etdiyi “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler”
müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik
içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində
istifadə olunan Sildenafil maddəsi aşkarlanıb.
AQTA-dan Trend-ə verilən məlumata görə, faktla bağlı
qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsul
partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması
və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Sildenafil maddəsi bəzi orqan və sistem
xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti
olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək
ciddi fəsadlar törədə bilər. Sildenafilin qəbulu başağrıları,
qızdırma və ürəkbulanmaya səbəb ola bilir. Bununla yanaşı, görmənin
qəfil itirilməsi və ya bulanıq görmə, nəfəs darlığı, sinədə ağrı
kimi simptomlarla müşayiət edilə bilər. İnsult və ya infarkt
keçirmiş, ciddi ürək və ya qaraciyər problemi olan şəxslər üçün
xüsusilə təhlükəli hesab edilir.
“Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq
edilmiş “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən
xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin
siyahısı”na daxil edilib. “Qida təhlükəsizliyi haqqında” Qanuna
əsasən, dərman vasitələri qida məhsulları anlayışına aid
edilmədiyindən, qida məhsulunun tərkibində istifadəsinə yol
verilmir. Dərman vasitələri yalnız həkim nəzarəti altında qəbul
edilməlidir”, – deyə məlumatda vurğulanıb.

