
Bakı. Trend:
TIR sistemi üzrə beynəlxalq avtomobil yükdaşımaları regional
ticarəti gücləndirərək, Türkiyə ilə İran körfəzinin ərəb
dövlətlərinin əməkdaşlıq şurasına (GCC) üzv ölkələr arasında
avtonəqliyyatla daha sürətli və daha təhlükəsiz yükdaşımalarını
təmin etmiş olur.
Bu barədə Trend
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) saytında dərc
olunan məlumata istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, Türk nəqliyyat operatoru “Saritaş
Logistics” Səudiyyə Ərəbistanı ərazisindən tranzit keçməklə TIR
sistemi üzrə Türkiyədən Birləşmiş Ərəb Əmirliklərinə yükün
daşınmasını uğurla tamamlayıb.
“Saritaş Logistics” şirkətinə məxsus 14 yük maşınından ibarət
karvan “qapıdan-qapıya” marşrutunu cəmi on günə yerinə yetirib,
halbuki dəniz yolu ilə bu müddət 20 – 30 gün çəkərdi.
Bu əməliyyat Türkiyə ilə GCC regionu arasında avtomobil yolları
üzrə nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş növbəti
konkret addım olub.
TIR sistemindən istifadə gözləmə müddətini əhəmiyyətli dərəcədə
azaldıb, gömrük prosedurlarını sadələşdirib və bütün səyahət
boyunca möhürlənmiş yük bölməsinin təhlükəsizliyini təmin edib”, –
məlumatda qeyd olunur.
IRU-nun məlumatına görə, “Saritaş Logistics” şirkətinin baş
direktoru Ahmet Sari bildirib: “Səudiyyə Ərəbistanı üzərindən
həyata keçirilən bu uğurlu əməliyyat regional avtomobil daşımaları
üçün mühüm mərhələdir. Bu, TIR sisteminin dəstəyi ilə Türkiyə ilə
GCC regionu arasında quru nəqliyyat əlaqələrinin yenidən işlək və
yüksək rəqabət qabiliyyətli olduğunu sübut edir”.
IRU-nun İstanbul üzrə baş nümayəndəsi Ərman Ərəkə qeyd edib ki,
bu mərhələ TIR tranzit sisteminin Türkiyəni GCC regionu ilə
birləşdirən körpü rolunu oynaya biləcəyini, yeni ticarət
marşrutlarının açılmasına və təchizat zəncirlərinin dayanıqlığının
artırılmasına şərait yaratdığını göstərir.

