
Bakı. Trend:
“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
PFL-dən Trend-ə verilən
məlumata görə, Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsinin
IV turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə keçiriləcək
oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının X
turunun “İmişli” ilə səfər görüşünün yerinin dəyişdirilməsini
istəyib.
“Qarabağ”ın rəsmi müraciətini, bölgə klubunun razılığını nəzərə
alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq
miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə
bağlı qərar qəbul edib.
Belə ki, X turda komandalar “Azərsun Arena”da üz-üzə gələcək və
oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Oktyabrın 30-da
reallaşacaq matç saat 17:00-da start götürəcək.
XX turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi
oynanılacaq.

