
Bakı. Trend:
Pakistanın paytaxtı İslamabad şəhərində Regional Nəqliyyat
Nazirləri Konfransı keçirilir. 27 ölkənin iştirak etdiyi tədbirdə
Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman
Hümmətov təmsil edir.
Nazir müavini Rəhman Hümmətov toplantıda çıxış edərək
Azərbaycanda və regionda nəqliyyat dəhlizlərinin inkişafı barədə
məlumat verib. Bildirib ki, Şərq və Qərb, Şimal və Cənub arasındakı
kəsişmə nöqtəsində yerləşən Azərbaycan uzun illərdir, Avropanı
Mərkəzi və Cənubi Asiya ilə birləşdirən mühüm tranzit mərkəzi kimi
çıxış edir. Ölkəmiz böyük infrastruktur layihələrinə sərmayə
yatırıb və multimodal nəqliyyat şəbəkəsi yaradıb. 2024-cü ildə
ümumi tranzit həcmi 2019-cu illə müqayisədə 2,5 dəfə artaraq 14,5
milyon tona çatıb və bu yükün təxminən 30%-i Orta Dəhliz vasitəsilə
daşınıb.
Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan Rəhman Hümmətov
vurğulayıb ki, bu marşrut yalnız Şərq – Qərb istiqamətində deyil,
həmçinin Şimal – Cənub və Cənub – Qərb əlaqələrinin
gücləndirilməsində mühüm rol oynayır. Dəhliz üzrə ildə 15 milyon
ton yükün daşınması gözlənilir ki, bu da regional ticarət
potensialını böyük ölçüdə artıracaq.
Nəqliyyat Nazirlərinin Regional Konferensiyası çərçivəsində
rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bir
sıra ikitərəfli görüşlər keçirib. Sözügedən görüşlərdə əməkdaşlıq
perspektivləri, eləcə də ölkəmizdə və regionda nəqliyyat sahəsində
həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb.

