
Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin
yanvar-sentyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlət
büdcəsinə 144,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Trend bu
barədə dövlət xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində
38 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm
paketi, 2 kiçik dövlət müəssisəsi, 792 nəqliyyat vasitəsi
özəlləşdirilib.
Bildirilib ki, cari ilin yanvar-sentyabr ayları ərzində
özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 110,2 milyon manat
təşkil edib.
“Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin
yanvar-sentyabr ayları ərzində 510-u qeyri-yaşayış, 3.176-sı torpaq
sahələri üzrə olmaqla 3.686 yeni icarə müqaviləsi bağlanılıb.
Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və
torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 34,5 milyon manat
vəsaitin ödənilməsi təmin olunub. Beləliklə, 2025-ci ilin
yanvar-sentyabr ayları ərzində dövlət əmlakının
özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 144,7 milyon
manat vəsait daxil olub ”, – deyə məlumatda vurğulanıb.

