Bakı.Trend:
Piyadaların iştirakı ilə qeydə alınan yol qəzaları təkcə
ayrı-ayrı fərdlərə deyil, bütövlükdə cəmiyyətə itkilər hesabına
başa gəlir.
Trend xəbər
verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, təkcə cari ilin 9 ayı ərzində piyadaların
vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə
ümumi yol qəzalarının 39,1 faizini, Bakı şəhəri üzrə isə 59.6
faizini təşkil edib. Danılmaz faktdır ki, bu göstəricilərin
formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamayıb. Təəssüf
ki, piyadaların məhz piyada keçidlərin yaxınlığında vurulması yol
hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını
yenidən gündəmə gətirir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət
edərək onlardan yolu nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın
qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti
yayındıran hərəkətlərdən, mobil telefon, yaxud qulaqcıqdan istifadə
etməkdən çəkinməyi, qəflətən avtomobil yoluna çıxmamağı xahiş
edir.
Əziz piyadalar! Unutmayın, sizin həyat və sağlamlığınız özünüz,
doğmalarınız və cəmiyyətimiz üçün çox dəyərlidir!

