Xəzərdə külək enerjisinin ixracına 2032-dən başlanması planlaşdırılır

Baş səhifə

Bakı. Trend:

Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi
potensialının qiymətləndirilməsi istiqamətində ölçmə və müşahidə
işləri aparılır, müvafiq dəniz akvatoriyalarının bərpa olunan
enerji zonaları kimi müəyyənləşdirilməsi üzrə fəaliyyətlər davam
etdirilir.

Trend xəbər
verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr
Energetiklər Günü münasibətilə “Azərbaycan” qəzetində “Azərbaycan
Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində
bildirilib.




Qeyd edilib ki, həmçinin “ACWA Power”, “Masdar” və “SOCAR Green”
şirkətlərinin birgə yaratdığı “Caspian Breeze” Konsorsiumu, eləcə
də “China Energy Overseas Investment Co., Ltd.”, “China Datang
Overseas Investment Co. Ltd.” və “PowerChina Resources Limited”
şirkətləri ilə əməkdaşlıq edilir: “Planlaşdırılan 6 QVt-dan çox
gücün 4 QVt-nın 2032-ci ildən etibarən mərhələli şəkildə
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixracına
başlanması planlaşdırılır. Avropanı enerji və rəqəmsal
kommunikasiya baxımından Qara dənizin hər iki sahilindən, eləcə də
Xəzər dənizi regionu ilə birləşdirəcək layihənin texniki-iqtisadi
əsaslandırmasının gələn ilin əvvəlində yekunlaşması gözlənilir.
Birgə Müəssisə – “GECO Green Energy Company” tərəfindən layihənin
Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E)
10 illik inkişaf planına (TYNDP) daxil edilməsi üçün müraciət
olunub. Növbəti mərhələdə layihəyə PCI/PMI (Qarşılıqlı və Ortaq
Maraqlı Layihələr) statusunun əldə edilməsi üçün müraciət
ediləcək”.