
Bakı. Trend:
Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda
ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 9732,5 MVt-a çatıb
ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1317 MVt və ya
15,6 faiz artım deməkdir.
Trend xəbər
verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr
Energetiklər Günü münasibətilə “Azərbaycan” qəzetində “Azərbaycan
Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində
bildirilib.
“Bu əhəmiyyətli artımda ölkəmizin və bütövlükdə Cənubi Qafqazın
ən böyük enerji müəssisəsi olan, şanlı Zəfərimizi əbədiləşdirən 1
880 MVt gücündə “8 Noyabr” Elektrik Stansiyasının istismara
verilməsinin mühüm rolu vardır. Mingəçevirin yalnız Azərbaycanın
deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi kimi mövqeyini
gücləndirən bu stansiya enerji səmərəliliyi ilə yanaşı, Çin və
İtaliya şirkətləri ilə əməkdaşlıq timsalında elektroenergetikada
beynəlxalq tərəfdaşlığın parlaq nümunəsidir”, – məqalədə qeyd
edilib.
Bildirilib ki, elektroenergetika sistemində hazırda ümumi gücü
7903 MVt olan 24 istilik elektrik stansiyası, 1 443,5 MVt-lıq 65 su
elektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası,
63,5 MVt gücündə 5 külək elektrik stansiyası, 37 MVt gücündə bərk
məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 MVt olan
3 hibrid elektrik stansiyası fəaliyyət göstərir: “Su elektrik
stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə
elektrik stansiyalarının gücü 1 829,6 MVt-dır ki, bu da ümumi
istehsal gücünün təxminən 18,8 faizini təşkil edir. Bu dövrdə
generasiya ilə yanaşı, elektrik şəbəkəsinin gücü də artaraq 29 714
MVA-a çatıb”.

