Gürcüstan Xarici İşlər Nazirliyi ATƏT sədrinin səfəri ilə bağlı etiraz notası göndərib

Baş səhifə
Gürcüstan Xarici İşlər Nazirliyi ATƏT sədrinin səfəri ilə bağlı etiraz notası göndərib

Gürcüstan Xarici İşlər Nazirliyi Finlandiya Respublikasının Xarici İşlər Naziri Elina Valtonenin ATƏT-in fəaliyyətdə olan sədri kimi Gürcüstana səfərindən narahatlığını bildirir və ATƏT Katibliyinə, eləcə də iştirakçı dövlətlərə etiraz notası ünvanlayıb.

Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Valtonen proqramına əlavə olaraq hökumət əleyhinə olan fəalların təşkil etdiyi kiçik küçə etirazına qatılıb və Gürcüstandakı mövcud vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi olan bəyanat verib.

Xarici İşlər Nazirliyi qeyd edir ki, Valtonenin bu hərəkətləri ATƏT çərçivəsində əməkdaşlıq ruhuna ziddir və fəaliyyətdə olan sədrin mandatından sui-istifadə kimi qiymətləndirilə bilər. Bu da ATƏT sədrinə etimadı və gözlənilən neytrallığı sarsıdır.

“Bu hərəkətlər Helsinki Yekun Aktında, BMT qətnamələrində və ATƏT-in qayda və prosedurlarında əksini tapan beynəlxalq hüququn prinsipləri ilə uzlaşmır və Gürcüstanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir”, – Xarici İşlər Nazirliyi bildirir.