“Süni intellekt və təhsilin gələcəyi” – UNEC rektoru

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru,
professor Ədalət Muradov rəsmi
sosial media
hesabında “Süni intellekt (Sİ) və təhsilin
gələcəyi (Düşündüklərimiz, oxuduqlarımız, eşitdiklərimiz,
gördüklərimiz)” mövzusunda fikirlərini bölüşüb.

Rektor gələcəyin təhsil modelinin əsas istiqamətlərindən birinin
məhz süni intellekt texnologiyalarının tətbiqi olacağını
vurğulayıb. O, Sİ-in təhsildə fərdiləşdirmə, interaktiv öyrənmə,
müəllimlərin işini asanlaşdırma, inklüzivlik və gələcək iş bazarına
hazırlıq baxımından yaratdığı imkanlardan bəhs edib.

“Süni intellekt (Sİ) və Təhsilin gələcəyi (Düşündüklərimiz,
oxuduqlarımız, eşitdiklərimiz, gördüklərimiz)

Gələcək təhsilin əsas konturları daha aydın görünməyə başlayır
və burada əsas amillərdən birinin məhz Süni İntellekt (Sİ) olacağı
artıq qəbul edilir.

1. Təhsilin fərdiləşdirilməsi. Sİ-in təhsildə ən böyük
imkanlarından biri öyrənməni fərdiləşdirmək qabiliyyətidir. Sİ hər
bir təhsilalanın güclü və zəif tərəflərini, öyrənmə sürətini təhlil
edərək onun üçün fərdi təhsil planı yarada bilir.




2. İnteraktiv öyrənmə. Saatlarla mühazirə dinləmək dövrü artıq
geridə qalır. Gələcəyin təhsili interaktiv öyrənmə alətləri ilə
zəngin olacaq. Virtual Reallıq (VR) və Artırılmış Reallıq (AR)
dərsləri canlandıraraq öyrənməni daha maraqlı edəcək.

3. Sİ – Müəllimin köməkçisi. İdarəetmə işlərindən tutmuş
təhsilalanlara əlavə dəstək göstərməyə qədər, Sİ müəllimlərin
vaxtına qənaət edərək onların əsas işi olan öyrətməyə daha çox
diqqət ayırmasına şərait yaradır.

4. Əlçatanlıq və inklüzivlik. Təhsilalanlar təhsil imkanlarına
bərabər çıxış əldə edirlər. Eyni zamanda, Sİ tədris materiallarını
müxtəlif dillərə tərcümə edə bilir ki, bu da ana dili fərqli olan
təhsilalanlar üçün maneələri aradan qaldırır.

5. Gələcək iş bazarına hazırlıq. Sİ inkişaf etdikcə əmək bazarı
da əhəmiyyətli dərəcədə dəyişəcək. Gələcəyin təhsili yalnız ənənəvi
fənləri deyil, həm də təhsilalanları Sİ ilə idarə olunan dünyada
uğurlu olmağa hazırlayan bacarıqları öyrədəcək.

Beləliklə, Sİ təhsili daha maraqlı, səmərəli və hamı üçün
əlçatan edəcək”.