
Bakı.Trend:
Azərbaycanın valyuta ehtiyatları 80 milyard dollara çatıb.
Trend xəbər verir
ki, bunu Azərbaycanın Maliyyə Nazirinin birinci müavini Anar
Kərimov Bakıda “Halal Business Forum” forumunda çıxışı zamanı
deyib.
O qeyd edib ki, dünyada İslam maliyyəsi dinamik şəkildə inkişaf
edir və onun ümumi həcmi artıq 4 trilyon ABŞ dollarını ötüb.
Ədalət, risklərin bölüşdürülməsi və aktivlərlə təminat
prinsiplərinə əsaslanan İslam maliyyəsi sabit və etik maliyyə
sisteminin formalaşmasına töhfə verir.
Ə.Kərimovun sözlərinə görə, Azərbaycan makroiqtisadi sabitliyin
və şəffaflığın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə
edib.
“Dövlət başçısının rəhbərliyi altında biz səmərəlilik, büdcə
intizamı və rəqəmsallaşmaya əsaslanan bir sistem qurmuşuq. Bu gün
Azərbaycan büdcə şəffaflığı üzrə dünya reytinqində 23-cü yeri
tutur”, – deyə o vurğulayıb.
Nazir müavininin sözlərinə görə, ölkənin valyuta ehtiyatları
təxminən 80 milyard ABŞ dolları təşkil edir, xarici dövlət borcu
isə təqribən 5 milyard dollardır.
“Ehtiyatlarımız borcumuzu 16 dəfə üstələyir”, – deyə Ə.Kərimov
bildirib.

