Qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Son günlər paytaxt ətrafında, xüsusilə Xırdalan, Masazır,
Müşfiqabad və Saray qəsəbələri istiqamətindən Bakı-Sumqayıt yolu
ilə çoxsaylı qanunsuz sərnişin daşımaları müşahidə edilir. Bu
səbəbdən bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Baş
Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə
qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib.

Trend xəbər
verir ki, reyd zamanı qanunvericiliyin tələblərinə riayət olunmadan
sərnişindaşıma fəaliyyəti göstərən 18 nəqliyyat vasitəsi saxlanılıb
və sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 322-ci
(Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının
pozulması) maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilib.
Qanunsuz sərnişin daşımalarına qarşı reydlər davam etdirilir.

Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli
sərnişin daşımaları ilə məşğul olanlar mütləq qaydada buraxılış
vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr AYNA
tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş
tələb olunmur.




Daşıyıcılar sifarişli sərnişin daşınmalarını həyata keçirərkən
elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar.
Sifarişli sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya
sistemində elektron qaydada doldurulur. Qeyd edək ki, icazə olmadan
sərnişindaşıma fəaliyyət göstərmək inzibati məsuliyyət yaradan
haldır.

Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin
tələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyat
vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə
tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı
formulyar doldurmaq tövsiyə olunur.