
Bakı. Trend:
2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər
Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün
kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12
nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri
tərəfimizdən aşkar olunmuş və qanunvericiliyin tələblərinə uyğun
olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara
göndərilib.
Trend
xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi
məlumat yayıb.
Bildiririk ki, son 5 ay ərzində 9 belə hal aşkarlanıb.
“Bildiririk ki, bəzi şəxslər tərəfindən tanınma qərarlarının
müxtəlif qeyri-rəsmi üsullarla dəyişdirilə biləcəyi ilə bağlı
verilən vədlər həqiqətə uyğun deyil və bu cür hallara yol verilməsi
qanunvericilikdə müəyyən olunmuş məsuliyyətə, o cümlədən cinayət
məsuliyyətinə səbəb ola bilər. Bu baxımdan, vətəndaşlara yalnız
qanunvericilikdə müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsində
hərəkət etmələri tövsiyə olunur.
Məlum olduğu kimi, xaricdə əldə olunmuş kvalifikasiyaların
tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18
avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici
dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması
Qaydaları” (bundan sonra Qaydalar) əsasında həyata keçirilir. Qeyd
edək ki, xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması üçün
Qaydaların 4-cü bölməsində təsbit olunan tanınmaya dair tələblərin
tam təmin olunması zəruridir”,- deyə Agentlikdən qeyd edilib.

