
Bakı. Trend:
Azərbaycanın aparıcı dağ-mədən şirkəti “AzerGold” QSC daha bir
gümüş və qızıl sikkə kolleksiyasını təqdim edib. Yeni sikkə
kolleksiyası füsunkar təbiəti, qədim tarixi ilə seçilən və
günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub.Sikkənin
hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin
və xalq yaradıcılığının vacib bir hissəsi olan, Qarabağ xalçaçılıq
məktəbinə aid “Qasımuşağı” xalçasının naxışlarından istifadə
edilib. Sikkənin əsas elementi dövlət rəmzlərinin əsas tərkib
hissələrindən biri – səkkizguşəli ulduz və kənarlarındakı Laçın
quşunun həndəsi formalı motivlərdir. Laçın quşu azad ruhun,
əzəmətin, gücün və cəsarətin rəmzidir. Təsvir həm də Laçın
şəhərinin adının mənşəyi ilə bağlı ən geniş yayılmış fərziyyələrdən
birinə işarədir. Sikkənin haşiyəsindəki qədim naxış elementləri
arasında diqqətli baxışla sezilən, məhsulun incə və zərif şəkildə
həkk olunmuş adı – “Lachin” yazısı kompozisiyaya xüsusi məna
qatır.
Qeyd edək ki, “Laçın” kolleksiyası “AzerGold” QSC-nin təşəbbüsü
ilə istehsal edilən sayca 13-cü kolleksiyadır. Yeni məhsullar
ölkəmizdə hasil edilən qızıl və gümüşdən 5,10,20 qram çəkilərdə
hazırlanıb. İstehlakçılar kolleksiyanı “AzerGold” QSC-nin Bakı
şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və Mübadilə
Mərkəzindən, eləcə də şirkətin onlayn satış platforması
www.azergold.gift -dən sifariş edərək əldə edə bilərlər.
Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr,
eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilərək,
2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim olunub. Məqsəd
ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və
pərakəndə satışı stimullaşdırmaqdır. Qızıl sikkə kolleksiyaları
ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər
dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də
istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli
investisiya alətidir.

