Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq prinsiplərinə uyğun inkişaf edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Avropa İttifaqındakı yaxın dostu və strateji
tərəfdaşı, respublikamızın maraqlarına hər zaman dəstək verən
dövlət, neftimizin dünyada ən böyük alıcısı… Artıq uzun illərdir
ki, Azərbaycan-İtaliya münasibətlərindən bəhs edəndə ilk yada düşən
məqamlar məhz bu reallıqlardır. Bu günlərdə İtaliya Prezidenti
Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri, Prezident İlham
Əliyevlə görüşü və səfər çərçivəsində keçirilən tədbirlər bu
həqiqətlərin növbəti təsdiqi oldu.

Azərbaycanla İtaliya arasındakı münasibətlərin tarixi zəngindir.
Hələ 1918-1920-ci illərdə, Xalq Cümhuriyyəti dövründə İtaliya və
Azərbaycan arasında diplomatik münasibətlər qurulub. Həmin dövrdə
İtaliyanın Bakıda diplomatik təmsilçiliyi də fəaliyyət göstərib.
Sovet hakimiyyəti dövründə iki dövlət arasında mədəni sahədə
əlaqələr mövcud olub, 1972-ci ildə Bakı və Neapol şəhərləri
qardaşlaşıblar.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra
münasibətlər yeni siyasi müstəviyə qədəm qoyub. İtaliya
Azərbaycanın dövlət müstəqilliyini 1 yanvar 1992-ci il tarixində
tanıyıb. 1992-ci ilin may ayında isə diplomatik əlaqələr qurulub.
İki ölkənin əlaqələrinin inkişafında dövlət başçılarının səfərləri
böyük rol oynayıb. Ulu Öndər Heydər Əliyevin 1997-ci ilin
sentyabrında İtaliyaya rəsmi səfəri dövlətlərarası münasibətlərdə
yeni mərhələnin əsasını qoyub. İtaliya ilə əlaqələri yüksək
qiymətləndirən cənab Prezident İlham Əliyev İtaliyada 2005, 2008,
2014, 2024-cü illərdə rəsmi, 2011,2015, 2022-ci illərdə işgüzar,
2020-ci ildə isə dövlət səfərində olub.

İtaliya Prezidenti Sercio Mattarella ilk dəfə 2018-ci ildə
ölkəmizdə dövlət səfərində olub. İtaliyanın baş nazirləri isə 2
dəfə ölkəmizə səfər ediblər. Təbii ki, bu səfərlərin hər biri
əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıqların meydana çıxmasına
böyük töhfələr verib. Eyni bu səfərlər təsdiq edir ki, Azərbaycanla
İtaliya arasında ali səviyyəli müntəzəm təmaslar var ki, bu onların
yaxın siyasi tərəfdaş olduğunu nümayiş etdirir. Prezident İlham
Əliyev sentyabrın 30-da Bakıda İtaliya Prezidenti Sercio Mattarella
ilə birlikdə mətbuata bəyanatında iki dövlət arasındakı siyasi
əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirib:

«Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci
sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd – Hərtərəfli
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl
imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və
müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək
səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi
sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə
ticarət dövriyyəmiz artmaqdadır».

Heç şübhəsiz ki, Azərbaycan-İtaliya ikitərəfli münasibətləri
qarşılıqlı etimad, hörmət və qarşılıqlı maraqların nəzərə alınması
üzərində qurulub. Bunu artıq həllini tapmış Qarabağ məsələsi ilə
bağlı İtaliyanın nümayiş etdirdiyi mövqe də təsdiq edir. Məlum
olduğu kimi Vətən müharibəsi dövründə İtaliyada Azərbaycanın
suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul
edildi. O cümlədən müharibə dövründə Azərbaycanla həmrəylik və
dəstək mövqeyi İtaliya mətbuatında daha intensiv xarakter almışdı.
Bütün bunların, strateji tərəfdaşlığın və iki ölkə arasında
qarşılıqlı maraqların nəzərə alınmasını özündə ehtiva edən
münasibətlərin formalaşmasının nəticəsidir ki, bu gün İtaliya
şirkətləri də işğaldan azad edilmiş ərazilərimizin bərpasında
iştirak edirlər.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi İtaliya bizim
üçün birinci ticarət tərəfdaşıdır. 2024-cü ildə iki ölkə arasındakı
ticarət dövriyyəsi 16 milyard ABŞ dollarından çox olub. Ona görə
Azərbaycan həm də İtaliyanın Cənubi Qafqaz regionundakı əsas
ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət
dövriyyəsinin təqribən 95 faizi Azərbaycanın payına düşür və
respublikamız Cənub Qafqazda italyan məhsullarının əsas
idxalatçısıdır.

Sözsüz ki, İtaliya-Azərbaycan əlaqələrindən söz düşmüşkən enerji
sahəsində əməkdaşlıq xüsusi vurğulanmalıdır. Belə ki, İtaliya xam
neft və neft məhsullarının ixracında Azərbaycanın əsas
tərəfdaşıdır. Hazırda Azərbaycan bu ölkənin enerji
təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. İtaliya həm
də Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik
qaz kəmərinin (TAP) iştirakçısıdır. Məlum olduğu kimi bir neçə il
öncə TAP layihəsinin icrası ilə bağlı süni şəkildə əngəllər
yaradılırdı. Məhz Azərbaycanla İtaliya arasındakı yüksək siyasi
münasibətlərin nəticəsində bütün maneələr aradan qaldırıldı. TAP-ın
istifadəyə verilməsi ilə Azərbaycan Avropanın təbii qaz
təchizatında mühüm tərəfdaşa, İtaliya üçün isə ikinci ən böyük
təbii qaz tədarükçüsünə çevrildi.

Azərbaycanla İtaliya arasında əlaqələr yalnız siyasi və iqtisadi
sferalarla yekunlaşmır. İki dövlət mədəni və humanitar sahələrdə də
fəal əməkdaşlıq həyata keçirirlər. 2020-ci ilin İtaliyada
Azərbaycan Mədəniyyət İli elan edilməsi və bu çərçivədə keçirilən
tədbirlər Azərbayan mədəniyyətinin İtaliyada daha geniş kütlələrə
çatdırılmasına, xalqlararası təmasların daha da güclənməsinə və
Azərbaycan-İtaliya mədəni əlaqələrinin daha da genişlənməsinə böyük
töhfə oldu.

Mədəni əlaqələrin inkişafında Heydər Əliyev Fondunun da böyük
xidmətləri var. Fondun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
Vatikanda və Romada həyata keçirilən layihələr həm İtaliya
rəsmiləri, həm də Roma Papası tərəfindən böyük minnətdarlıq və
razılıqla qarşılanır. Bununla yanaşı, Heydər Əliyev Fondu
tərəfindən İtaliyada təşkil olunan mədəni tədbirlər də iki ölkə
arasında mədəni əlaqələrin və xalqlararası təmasların inkişafına
böyük töhfə verir.

İtaliya Prezidenti Sercio Mattarellanın səfəri çərçivəsində
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının
açılması isə humanitar sferada əməkdaşlığın genişlənməsinin
göstəricisidir. İtaliya-Azərbaycan Universitetinin yaradılması
təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2020-ci ildə İtaliyaya
dövlət səfəri zamanı irəli sürülüb. Təhsil sahəsində əməkdaşlıq
İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin,
sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini
təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir,
iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd
təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək
kadrları yetişdirmək məsələsində mühüm rol oynayır.

Əlbəttə ki, bu universitetdə təhsil alacaq tələbələr iki ölkə
arasındakı dostluğu daha da gücləndirəcəklər. Ümumilikdə isə
İtaliya-Azərbaycan Universitetinin yaradılması göstərir ki, iki
dövlətin energetika, iqtisadiyyat və sənaye sahəsindəki sıx
əlaqələri humanitar sahədə də əməkdaşlığın inkişafına xidmət edir.
Bu da öz növbəsində bir daha iki ölkənin səmimi münasibətlərindən
xəbər verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi
energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün
təhsil sahəsini əhatə edən Azərbaycan-İtaliya əməkdaşlığı sözün əsl
mənasında, strateji xarakter daşıyır:

«İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq
əsasında münasibətlər qurmuşdur. Biz, sözün əsl mənasında, strateji
tərəfdaşıq. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır,
qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq
çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur.
Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün
təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında,
strateji xarakter daşıyır».

Prezident Sercio Mattarellanın respublikamıza rəsmi səfəri
Azərbaycan-İtaliya əlaqələrinin strateji tərəfdaşlıq prinsiplərinə
uyğun inkişafının növbəti təsdiqi oldu. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi Azərbaycanla İtaliyanın strateji tərəfdaşlığı həm
rəsmi sənədlərdə, həm həyatda və praktik işlərdə özünü büruzə
verir. İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri iki dövlətin
strateji tərəfdaşlığını daha da gücləndirəcək, əlaqələrin
inkişafına mühüm töhfə verəcək.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı