
Bakı.Trend:
Azərbaycan xalqının dövlətçilik tarixində 1993-cü il xüsusi önəm
daşıyan bir mərhələdir. XX əsrin sonlarında ölkəmiz böyük
sınaqlarla üz-üzə qalmış, həm siyasi, həm də hərbi cəhətdən olduqca
mürəkkəb bir dövr yaşayırdı. 1991-ci ildə dövlət müstəqilliyinin
bərpası Azərbaycan xalqının tarixi arzusu olsa da, bu müstəqilliyi
qoruyub saxlamaq o dövrdə heç də asan məsələ deyildi. Ermənistanın
hərbi təcavüzü, daxildə hökm sürən siyasi qeyri-sabitlik, vətəndaş
müharibəsi təhlükəsi ölkəni parçalanma həddinə gətirmişdi. Belə bir
həssas məqamda xalqın təkidli tələbi ilə böyük dövlət xadimi Heydər
Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Əminə Ağazadə deyib.
Deputat vurğulayıb ki,1993-cü ilin 3 oktyabrında keçirilən
prezident seçkilərində Heydər Əliyev xalqın etimadını qazanaraq
Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi hadisə
müstəqil Azərbaycanın taleyində dönüş nöqtəsi oldu:
“Çünki xalq Heydər Əliyevə yalnız bir lider kimi deyil, həm də
xilaskar kimi baxırdı. Onun zəngin siyasi təcrübəsi, müdrikliyi və
qətiyyətli addımları sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən
xilas oldu.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə dövlətçiliyin
möhkəmlənməsini, hüquqi, siyasi və iqtisadi islahatların
başlanmasını təmin etdi. O, ilk növbədə ölkədə sabitlik yaratmağa
nail oldu. Hərbi sahədə ordunun formalaşdırılması, dövlətçiliyə
sədaqətli zabit və əsgərlərin birləşdirilməsi ilə Azərbaycan
Silahlı Qüvvələrinin əsasları qoyuldu. Bu, sonrakı illərdə
Azərbaycanın müdafiə gücünün möhkəmlənməsi baxımından həlledici
addım idi.
Eyni zamanda, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”
Azərbaycanın iqtisadi inkişafının təməlini qoydu. Məhz Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya enerji
bazarında etibarlı tərəfdaş kimi tanındı. Neft strategiyası ölkənin
beynəlxalq nüfuzunu artırmaqla yanaşı, gələcək nəsillərin
firavanlığı üçün də mühüm əsaslar yaratdı.
Heydər Əliyevin dövlət quruculuğu istiqamətində gördüyü işlər
Azərbaycanı müasir, demokratik, hüquqi dövlət kimi formalaşdırdı.
Onun rəhbərliyi ilə qəbul edilən yeni Konstitusiya, dövlət
idarəçiliyində həyata keçirilən islahatlar, insan hüquq və
azadlıqlarının təminatı müstəqil Azərbaycanın sabit inkişaf yoluna
çıxmasını şərtləndirdi”.
Əminə Ağazadə qeyd edib ki, 3 oktyabr 1993-cü il hadisəsi təkcə
siyasi hakimiyyət dəyişikliyi deyildi:
“Bu, xalqın müdrik seçimiydi və Azərbaycan dövlətçiliyinin
gələcəyini müəyyənləşdirən mühüm tarixi dönüm nöqtəsi idi. Heydər
Əliyev Azərbaycanın milli maraqlarını qoruyaraq ölkəni parçalanmaq
təhlükəsindən xilas etdi, müstəqilliyi dönməz etdi və gələcək
inkişaf üçün möhkəm zəmin hazırladı.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən uğurlu siyasət də Heydər Əliyevin
müəyyənləşdirdiyi strateji kursun məntiqi davamıdır. Deməli, 3
oktyabr 1993-cü il hadisəsinin əhəmiyyəti yalnız həmin dövr üçün
deyil, həm də müasir Azərbaycanın bugünkü uğurları üçün həlledici
məna daşıyır.
3 oktyabr 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə
hakimiyyətə qayıdışı Azərbaycan tarixində xilaskarlıq missiyası ilə
yadda qalmışdır. Bu tarixi hadisə müstəqil dövlətimizin sabitliyi,
inkişafı və gələcək uğurları üçün ən mühüm əsaslardan biri
olub”.

