Bakı. Trend:
Asiya İnkişaf Bankı Azərbaycanda strateji investordur.
Trend xəbər verir
ki, bunu Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunda Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi
nümayəndəliyinin özəl sektorun inkişafı üzrə baş mütəxəssisi Sənan
Şabanov deyib.
“Biz hökumət və yerli idarəetmə orqanları ilə əməkdaşlıq edirik,
biznes üçün əlverişli mühitin yaradılmasını və yaxşılaşdırılmasını
dəstəkləyirik və yerli KOB-ları dəstəkləmək üçün bütün imkanlardan
istifadə edirik. Maliyyə alətlərindən əlavə, yerli idarəetmə
orqanlarının və KOB-ların potensialının artırılması üçün texniki
yardım göstəririk”, – deyə o bildirib.
Şabanov qeyd edib ki, özəl sektorun inkişafı, o cümlədən mikro,
kiçik və orta müəssisələrin (KOB) inkişafı bankın əsas
istiqamətlərindən biridir.
“Bütün əməliyyat və sövdələşmələrimizdə biz məsələlərə müxtəlif
baxış bucaqlarından yanaşırıq, o cümlədən KOB-ların
perspektivindən, sövdələşmələrimizin və investisiyalarımızın
bazardakı kiçik oyunçulara necə fayda verəcəyini qiymətləndiririk.
Biz hesab edirik ki, özəl sektorun və KOB-ların inkişafı sadəcə
formal tələblərin yerinə yetirilməsi və ya sənədlərdə qeyd qoymaq
deyil, həm də iqtisadi təhlilin aparılmasıdır: infrastruktur
layihələrinə nə qədər mikro və kiçik müəssisənin cəlb olunduğu”, –
deyə o əlavə edib.

