İsti briketlənmiş dəmir zavodunun istifadəyə veriləcəyi tarix açıqlandı

Baş səhifə

Bakı. Trend:

Qazaxıstanın “Fonte GreenMet Investments Fund” şirkəti ilə
imzaladığımız müqavilə çərçivəsində illik 2 milyon ton istehsal
gücünə malik isti briketlənmiş dəmir (HBI) zavodunun
layihələndirilməsi, maliyyələşdirilməsi, qurulması və idarə
edilməsi təmin olunacaq.

Trend xəbər
verir ki, bunu “Daşkəsən Dəmir Filiz” MMC-nin Baş direktoru Ceyhun
Əliyev bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq
İnvestisiya Forumunun ikinci günü çərçivəsində təşkil edilən
brifinqdə bildirib.




Onun sözlərinə görə, zavod Şəmkir rayonunda inşa ediləcək: “Zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi planlaşdırılır.
İstehsal prosesində müasir texnologiyalar, ekoloji baxımdan
təhlükəsiz və dayanıqlı üsullar tətbiq olunacaq. Bizim üçün
prioritet yalnız iqtisadi tövhə deyil, həm də ekoloji
məsuliyyətdir: ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi
və müasir, təhlükəsiz texnologiyaların tətbiqi DDF-in əsas iş
prinsiplərindəndir”.

“HBI zavodunun birbaşa reduksiya (DRI-direct reduced iron)
texnologiyası əsasında fəaliyyət göstərməsi planlaşdırılır. Bu
texnologiya – ənənəvi domna sobalarından fərqli olaraq karbon
emissiyalarının 60%-dək azaldılmasını mümkün edir. Belə ki,
kömürdən istifadə edilən domna sobaları ilə müqayisədə burada təbii
qazdan istifadə edilir. Həmçinin, bu növ zavodlar gələcəkdə sıfır
karbon emissiyasına nail olmaq üçün, istehsalatda təbii qaz əvəzinə
hidrojenə keçid etməyə imkan yaradır. Bu səbəbdən, sözügedən
texnologiya müasir dövrün tendensiyaları ilə tam ayaqlaşır”, – deyə
C. Əliyev qeyd edib.