Bakı. Trend:
“UK Export Finance” dövlət-özəl tərəfdaşlığın (DÖT) inkişafı
üçün üç əsas istiqaməti müəyyənləşdirir.
Trend-in
məlumatına görə, bunu bazar ertəsi Bakıda keçirilən I Azərbaycan
Beynəlxalq İnvestisiya Forumunda “UK Export Finance”in biznesin
təşkili üzrə aparıcı mütəxəssisi Kris Allum deyib.
“Birinci istiqamət – nəqliyyat və logistika infrastrukturudur.
Biz maliyyə baxımından dayanıqlı, gəlir gətirən və uzunmüddətli
layihələr axtarırıq. Bunlara ödənişli yollar, dəmir yolları, hava
limanları aid ola bilər. Dəmir yolu sektorunda artıq bir neçə
sövdələşmə üzrə təcrübəmiz var”,- o bildirib.
Mütəxəssisin sözlərinə görə, ikinci istiqamət – “yaşıl” enerji
və karbonsuzlaşdırmadır. Qurumun dənizdə külək enerjisi layihələri
ilə bağlı təcrübəsi mövcuddur.
“Üçüncü istiqamət isə səhiyyə və təhsildir. Böyük Britaniyanın
xəstəxanalar və diaqnostika mərkəzləri (dizayn, tikinti, istismar)
üzrə güclü DÖT modelləri var və bunları digər ölkələrdə də tətbiq
etmək mümkündür”, – o əlavə edib.

