“Silk Way West Airlines” Ələtdə yük hava limanının rəsmi açılış mərasiminin təxmini tarixini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonasında yükdaşımalar üçün nəzərdə tutulmuş
hava limanının rəsmi açılışı 2027-ci ilin birinci rübünə
planlaşdırılır.

Trend xəbər verir
ki, bunu “Silk Way West Airlines” şirkətinin prezidenti Volfqanq
Mayer Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunda çıxışı zaman deyib.

““Silkway” yerüstü və hava ilə yükdaşınmaları bir araya
gətirməklə, qədim İpək yolu boyunca təkcə hava marşrutlarını yox,
həm də multimodal marşrutları inkişaf etdirəcək. Bunun üçün biz
yeni yük hava limanı inşa edirik. “Silkway Group” layihəyə 2023-cü
ilin sonunda başlayıb. İnşası gələn ilin sonuna yekunlaşacaq, rəsmi
açılış mərasimi isə 2027-ci ilin birinci rübündə baş tutacaq”,
-deyə şirkətin prezidenti vurğulayıb.




O, aeroportun Ələt Azad İqtisadi Zonasında yerləşəcəyini qeyd
edib və bildirib ki, yük aviadaşımaları və logistikanın tammiqyaslı
ekosisteminin yaradılması planlaşdırılır.

“Bu, “yaşıl” aeroport olacaq: onun damına günəş panelləri
quraşdırılacaq, nəqliyyat üçün isə elektrik və hidroenerji ilə
işləyən vasitələrdən istifadə ediləcək. Bu, gələcəyin aeroportudur
– ekoloji baxımdan təmiz yük habı”, – şirkət prezidenti izah
edib.