
Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 27
Sentyabr – Anım Günü ərəfəsində Şıxhaput kəndində şəhid Mahir
Ağasəlim oğlu Məmmədovun ailəsini ziyarət edib.
Trend-ə icra
hakimiyyətindən verilən məlumata əsasən, rayon rəhbəri şəhid ailəsi
ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıb. Qeyd edilib ki,
şəhidlər Vətən uğrunda canlarını fəda etməklə xalqımızın
qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazıblar.
Bildirilib ki, görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev şəhidin oğlu Səlim Məmmədovu 5 yaşı tamam olması
münasibətilə təbrik edib, xoş arzularını çatdırıb və hədiyyə təqdim
edib:
“Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildiriblər”.

