Amangeldı Kurmetulı: “Biz Qazaxıstanda çox şadıq ki, separatçılar kapitulyasiya etdilər” – MÜSAHİBƏ

Siyasət


Sabah, sentyabrın 27-də Azərbaycanda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərin, bütün şəhidlərin Anım Günü qeyd ediləcək.

44 gün davam edən 2020-ci ilin İkinci Qarabağ müharibəsi, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin ölkənin Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin tam kapitulyasiyası ilə nəticələnən son lokal antiterror tədbirləri artıq hərbi sənət tarixinə həkk olunub. Bu barədə resmixeber.az-la söhbətində Qazaxıstanın məşhur hərbi analitiki Amangeldı Kurmetulı fikirlərini bildirib:

– İkinci Qarabağ müharibəsi hərb elminin bir çox nəzəriyyələrini tamamilə dəyişdirdi. Əvvəllər mövqe döyüşləri, səngərlər və s. ilə bağlı ideyalar üstünlük təşkil edirdi. Üç il əvvəl Azərbaycan Respublikası (AR) Silahlı Qüvvələri (SQ) ilk dəfə olaraq kütləvi şəkildə dronlardan və artilleriya qurğularından istifadə edərək hərbi əməliyyatların gedişatını dəyişdilər. Halbuki, inkişaf etmiş ölkələrin əksəriyyətində son illərdə diqqət, əsasən, raket zərbələri üzərində cəmləşirdi. Bəli, raketlər önəmlidir, bunu heç kim təkzib etmir, lakin artilleriya “müharibə tanrısı” olaraq qalır, xüsusən də pilotsuz uçuş aparatları (PUA) ilə eyni vaxtda istifadə edildikdə daha çox əhəmiyyət kəsb edir.

Mükəmməl Azərbaycan artilleriyaçıları zərbə vurduqları hədəfləri dəqiqliklə nişan aldılar, dronlar və kəşfiyyat koordinatlarından istifadə etməklə düşmənə davamlı atəş zərbələri endirdilər.

Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən PUA-lardan istifadə edilməsi dünyada dronlarla bağlı olan təsəvvürləri dəyişdi, halbuki dronlar əvvəllər də dünyanın ABŞ, Çin və s. kimi müxtəlif ordularında mövcud idi. Lakin Qarabağda bir yenilik baş verdi – bu, qoşunların bütün qollarının əlaqəli şəkildə hərəkəti, koordinasiyası idi. Pilotsuz uçuş aparatları burada ciddi rol oynadı. Artıq İsrail və Azərbaycanın kamikadze-dronlarını hədəflərə yönəldən həmin “Bayraktar”lar bir növ retranslyatora çevrildilər.

Davam edək. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri kiçik hücum qruplarının taktikasından uğurla istifadə etdilər. Şuşa şəhərinin azad edilməsini xatırlayın. Erməni ordusu hücumu bir istiqamətdən – yol tərəfdən gözləyirdi, axı mexanikləşdirilmiş qruplar ancaq bu yolla hərəkət edirdilər, amma azərbaycanlı qardaşlarımız başqa istiqamətdən daxil oldular ki, bu da ermənilərə mümkünsüz kimi görünürdü.

İkinci Qarabağ müharibəsi çətin şəraitdə döyüş əməliyyatlarının aparılması taktikasına, hətta strategiyasına çox sayda yeniliklər gətirdi. Məhz 2020-ci ildən sonra Qazaxıstanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın müasir döyüş vasitələri (o cümlədən daşınabilən zenit-raket kompleksi və tank əleyhinə raket kompleksi) ilə silahlanmış mobil hücum bölmələrindən nümunə götürərək, taktiki qrupların hazırlanmasına xüsusi diqqət yetirməyə başladı. Beləliklə, üç il əvvəl dünya yeni müharibə taktikası və yeni texniki həllər barədə öyrəndi.

Daha bir mühüm məqam var ki, İkinci Qarabağ müharibəsi təcrübəsinə əsaslanaraq bu barədə vurğulamaq istərdim. Söhbət taqımlardan, rotalardan, batalyonlardan və briqadalardan tutmuş komandirlərin döyüş meydanında qərar qəbul etməsinin vacibliyindən gedir. Sovet dövründə sistem çox ləng işləyirdi. Əmr yuxarıdan, bütün instansiyalardan keçərək gəlirdi və təbii ki, gec çatırdı. İkinci Qarabağ müharibəsi zamanı məhz komandirlər situasiyadan asılı olaraq taktiki operativ məsələlərlə bağlı yerindəcə qərar verirdilər. Beləliklə də bütün dünya 2020-ci ilin payızında Azərbaycana qələbə qazandıran müharibə təcrübəsini öyrənməyə başladı və hələ də öyrənməyə davam edir.

– Bəs Azərbaycan Silahlı Qüvvələrinin bir sutkadan az davam edən və Qarabağda erməni qüvvələrinin və hərbi xuntasının kapitulyasiyasına səbəb olan son yerli antiterror tədbirləri barədə nə deyə bilərsiniz?

– Bəşəriyyət tarixində yüzillik müharibə, otuzillik müharibə və s. olub. Ancaq ən yaxın tarixdə xatırlamıram ki, 24 saatdan az müddətdə kapitulyasiyaya gətirib çıxaracaq antiterror və ya belə demək olarsa, döyüş əməliyyatları olsun. 19-cu əsrdə Böyük Britaniya ilə Zənzibar Sultanlığı arasında 38 dəqiqə davam edən İngiltərə-Zənzibar müharibəsini hesaba qatmamaq olar.

Azərbaycan Silahlı Qüvvələrinin lokal antiterror tədbirləri tarixə “İldırım zəfəri” adı ilə həkk olunacaq. Separatçıların və erməni silahlı birləşmələrinin, sadəcə, heç bir şansları yox idi, lakin onlar düşünürdülər ki, bir müddət, ən azı bir-iki həftə müqavimət göstərə bilərlər. Məsələ burasındadır ki, Azərbaycan sülh və Qarabağ bölgəsinin erməniəsilli əhalisinə Azərbaycan cəmiyyətinə reinteqrasiya təklif edirdi. Görünür, separatçılar bunun zəiflik əlaməti olduğunu düşünüblər. Amma Azərbaycan Ordusu öz gücünü göstərdi.

Antiterror tədbirləri zamanı Azərbaycan Ordusu elektron döyüş sistemlərini, radiolokasiya stansiyalarını və hava hücumundan müdafiə vasitələrini məhv etməklə Ermənistan ordusunu “kar və kor etdi”. Sonrası isə texnikanın işi idi. Təkrar edirəm, Azərbaycanın yaxşı təlim keçmiş pilotları da daxil olmaqla mükəmməl Ordusu, təfərrüata varmasaq, mühüm rol oynadı.

Biz Qazaxıstanda çox şadıq ki, separatçılar kapitulyasiya etdilər. Və çox mühüm bir məqam var ki, Azərbaycan postsovet məkanında dondurulmuş münaqişənin həlli üçün presedent yaratdı. Axı əvvəllər hesab edilirdi ki, belə kvazidövlətlərlə heç nə etmək mümkün deyil. Azərbaycan sübut etdi ki, bu, mümkündür! Ölkəniz öz ərazi bütövlüyünü bərpa etdi və bu, hələ də oxşar problemlərlə üzləşməyə davam edən digər ölkələr üçün nümunə oldu.

– Və sonuncu sual. Siz tanınmış hərbi ekspert kimi Türk Dövlətləri Təşkilatına üzv olan türk dövlətlərinin ordularını qiymətləndirə, onları güc və döyüş effektivliyinə görə hansısa şəkildə sıralaya bilərsinizmi?

– Təbii ki, birinci yerdə Türkiyə dayanır. Bu, Şimali Atlantika Alyansında ikinci ən böyük orduya malik olan NATO ölkəsidir. Bundan əlavə, Türkiyə Respublikasında hərbi-sənaye kompleksi yaxşı inkişaf edib və mükəmməl konstruktor büroları mövcuddur. Hətta ABŞ Türkiyənin hərbi-sənaye kompleksinin istehsalı olan məhsulları satın alıb.

Türk dünyasında gücünə görə ikinci yeri Azərbaycan Ordusu tutur. Bu ordu yaxşı təchiz olunub, yeni texnologiyalardan istifadə edir və döyüş bacarıqlarına malikdir, bu isə olduqca vacibdir. Türk ölkələrindən, Orta Asiya ölkələrindən olan digər ordular, əsasən, köhnəlmiş silah-sursata malikdirlər. Bizdə Qərb texnologiyası azdır. Bəli, tədricən yenidən silahlanma gedir və burada müasir texnika tədarükçüsü olan İsraillə də əməkdaşlıq edən Azərbaycanın təcrübəsini öyrənmək lazımdır.

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan supermüasir orduları ilə öyünə bilməzlər, bu, reallıqdır. Bəziləri “Global Firepower” reytinqinə və ya digər hərbi güc indekslərinə əsaslana bilərlər. Amma bu bir anlam kəsb etmir. Bu statistika yalnız mətbuat və geniş ictimaiyyət üçün nəzərdə tutulub. Əgər hansısa müəyyən bir ordu döyüşməyibsə, heç kim onun gücü və müdafiə qabiliyyəti haqqında məlumata sahib ola bilməz. Diqqət edin, 2021-ci ildə “Taliban” Əfqanıstanı ələ keçirməyə başladıqda rəsmi Əfqanıstan ordusunun sayı çox idi, 300 min nəfərədək şəxsi heyətə malik idi. Nəticədə nə baş verdiyi isə hamıya məlumdur.

Ona görə də təkrar edirəm, türk dünyasında ordu gücünə görə birinci yerdə Türkiyə qərarlaşıb, Azərbaycan qətiyyətli şəkildə ikinci yerdədir, həmçinin, Ankara ilə Bakı arasında sıx hərbi-texniki əməkdaşlıq da mövcuddur. Bizim Orta Asiya ölkələrimiz isə bu səviyyəyə çatmalıdırlar. Qazaxıstan artıq Türkiyənin ANKA pilotsuz təyyarələrini satın alıb. Çox güman ki, bizdə Türkiyə dronlarının istehsalı müəssisəsi də açılacaq.

Nair Əliyev

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir