
Bakı.Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Hindistana 376,1
milyon ABŞ dolları dəyərində 491,2 min ton bitumlu süxurlardan
alınmış xam neft və neft məhsulları ixrac olunub.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.
Ötən ilin eyni dövründə Azərbaycandan Hindistana neft ixracı
qeydə alınmayıb.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycan 8 milyard
32 milyon 904 min ABŞ dolları dəyərində 12 milyon 722 min 591 ton
bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac
edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından
372,7 milyon ABŞ dolları və ya 4,9 faiz çox, həcm baxımından isə
1,7 milyon ton və ya 12,1 faiz azdır.
Qeyd edək ki, Azərbaycanda neft hasilatının sabit saxlanılması
və uzunmüddətli perspektivdə artırılması istiqamətində bir sıra iri
layihələr həyata keçirilir. Xüsusilə ölkənin əsas neft yataqlarının
operatoru olan bp hasilatın səmərəliliyinin artırılması üçün yeni
investisiya proqramlarını icra edir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti
Qəri Counzun sözlərinə görə, şirkət Azəri-Çıraq-Günəşli (AÇG)
yataqlar blokunda fəaliyyətini genişləndirməyə davam edir. O
bildirib ki, AÇG-də hasilatın uzunmüddətli saxlanılması məqsədilə
yeni quyular qazılır, mövcud infrastruktur modernləşdirilir və
innovativ texnologiyalar tətbiq olunur.
“Biz AÇG-də uzunmüddətli hasilatın təmin olunması üçün
investisiyalarımızı davam etdiririk. Yeni quyuların qazılması,
platformaların etibarlı fəaliyyətinin təmin edilməsi və texnoloji
yeniliklərin tətbiqi bu strategiyanın əsas istiqamətləridir”, –
deyə bp rəsmisi bildirib.
Şirkət həmçinin “Şəfəq-Asiman” perspektiv strukturunda
qiymətləndirmə işlərini, eləcə də Qarabağ yatağının işlənməsi
layihəsini davam etdirir. Bununla yanaşı, bp Xəzər dənizində yeni
geoloji strukturların öyrənilməsi və əlavə karbohidrogen
ehtiyatlarının aşkar olunması istiqamətində fəaliyyətini
genişləndirir.
BP vurğulayır ki, yeni layihələr yalnız mövcud hasilatın təbii
azalmasının kompensasiya edilməsinə deyil, həm də Azərbaycanın
enerji ixracı potensialının uzunmüddətli perspektivdə qorunub
saxlanmasına xidmət edir. Şirkətin həyata keçirdiyi investisiya
proqramları ölkənin neft-qaz sektorunda dayanıqlı inkişafın təmin
olunması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından
mühüm əhəmiyyət daşıyır.

