
24–27 sentyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində Asiya Parlament Assambleyasının (APA) Sosial və Mədəni Məsələlər üzrə Daimi Komitəsinin iclası keçirilir. İclasda APA üzvü 22 dövlətin nümayəndə heyətləri iştirak edir.
Modern.az-ın xəbərinə görə, Milli Məclisi APA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Rizvan Nəbiyev təmsil edir.
İclas çərçivəsində Asiya ölkələrini əhatə edən sosial, mədəni, humanitar və qanunvericilik məsələləri ilə bağlı 16 qətnamə layihəsi qəbul edilib.
Qətnamələr Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, mədəni müxtəlifliyin və mədəni irsin qorunması, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə, səhiyyə və insan inkişafı, qadınların və gənclərin cəmiyyətdə rolunun gücləndirilməsi, yaşlı insanların hüquq və rifahının təmin edilməsi, turizm sahəsində əməkdaşlığın inkişafı və digər mühüm məsələləri əhatə edib. İclas zamanı həmçinin mədəni sərvətlərin qaçaqmalçılığı ilə mübarizədə hüquqi və qanunvericilik əməkdaşlığının gücləndirilməsi kimi məsələlər diqqət mərkəzində olub.
Rizvan Nəbiyev Komitə iclasında çıxış edib, müzakirələrdə iştirak bir sıra qətnamələr üzrə Azərbaycan tərəfinin təkliflərini ifadə edib.
Deputat çıxışına sentyabrın 9-da dövlət müstəqilliyinin 35-ci ildönümünü qeyd edən Tacikistanın bu əlamətdar yubileyi münasibətilə Prezident İlham Əliyevin Prezident Emoməli Rəhmona ünvanladığı təbrik məktubuna istinadla başlayaraq, Tacikistanın regional və beynəlxalq müstəvidə fəal və konstruktiv rolunu vurğulayıb.
Rizvan Nəbiyev “Sülh, Tolerantlıq və Xalqların Mədəni Dəyərlərinə Hörmət Mədəniyyətinin Gücləndirilməsi haqqında” yeni APA qətnamə layihəsinə dəstək ifadə edib. O, bu qətnamənin
“BMT Baş Assambleyasının “Gələcək nəsillər üçün sülhün gücləndirilməsi üzrə Beynəlxalq Onillik (2027–2036)” qətnaməsi ruhunda qəbul olunmasının əhəmiyyətini vurğulayıb.
Deputat çıxışında qeyd edib ki, Tacikistan tərəfindən BMT Baş Assambleyasında irəli sürülmüş bu təşəbbüs Azərbaycan və digər APA üzv dövlətləri tərəfindən həmmüəllif kimi dəstəklənib.
Onun sözlərinə görə, sülhün dayanıqlı olması üçün barışıq və etimadın möhkəmləndirilməsi, postmünaqişə ərazilərinin yenidən qurulması, humanitar minatəmizləmə, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışı və reinteqrasiyası, regional bağlantıların inkişafı və dayanıqlı iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan Azərbaycanın postmünaqişə təcrübəsinə toxunan deputat bildirib ki, Ermənistanın uzunmüddətli işğalı Azərbaycanın tarixi, dini və mədəni irsinə ciddi ziyan vurub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma, dini və mədəni irsin dirçəldilməsi, eləcə də humanitar minatəmizləmə işləri həyata keçirilir.
Rizvan Nəbiyev Azərbaycanın sülh gündəliyinə diqqət çəkərək bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra Ermənistanla sülh prosesinin təşəbbüskarı kimi çıxış edib.
Deputat 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Sazişin mətninin paraflanmasını sülh prosesində mühüm mərhələ kimi qeyd edib.
Rizvan Nəbiyev vurğulayıb ki, sülh prosesi yalnız siyasi razılaşmalarla məhdudlaşmamalı, konkret “sülh dividendləri” ilə müşayiət olunmalıdır. Onun sözlərinə görə, regional nəqliyyat, kommunikasiya və iqtisadi əlaqələrin inkişafı bu dividendlərin formalaşmasında mühüm rol oynaya bilər.
Deputat Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu sayəsində mühüm regional logistika mərkəzinə çevrilməsinə diqqət çəkib. O bildirib ki, Zəngəzur dəhlizinin açılması regional bağlantıların gücləndirilməsinə, region daxilində və onun hüdudlarından kənarda ticarət və iqtisadi əməkdaşlıq üçün yeni imkanların yaranmasına xidmət edəcək.
Deputat Azərbaycanın rəqəmsallaşma gündəliyinin “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiya inteqrasiyası” adlı APA Qətnaməsinin məqsədləri ilə yaxından uzlaşdığını bildirib.
O qeyd edib ki, 2026-cı ilin fevral ayında Azərbaycanda rəqəmsal transformasiyaya daha əlaqələndirilmiş və sistemli yanaşmanın təmin edilməsi məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şura rəqəmsal inkişaf siyasətinin əlaqələndirilməsinə, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə və strateji rəqəmsal layihələrin icrasına nəzarətə xüsusi diqqət yetirir.
Deputat bildirib ki, müasir çağırışlara cavab vermək üçün rəqəmsal inkişaf sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.
Rizvan Nəbiyev diqqətə çatdırıb ki, 2026–2028-ci illər üzrə Fəaliyyət Planı rəqəmsal transformasiya, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrini əhatə edən 58 təşəbbüsü özündə birləşdirir. Bu təşəbbüslər sırasında Milli Məlumat Mərkəzinin (National Data Hub) yaradılması da nəzərdə tutulur.
O vurğulayıb ki, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi Azərbaycanın rəqəmsal inkişaf siyasətinin əsas prioritetləri olaraq qalır. Azərbaycanın təcrübəsi göstərir ki, uğurlu rəqəmsal transformasiya rəqəmsal infrastrukturun inkişafını, innovasiyanı, süni intellekti, kibertəhlükəsizliyi, səmərəli dövlət xidmətlərini və insan kapitalının inkişafını əhatə etməlidir.
Deputat eyni zamanda ayrı-seçkiliyin, dözümsüzlüyün, ekstremizmin, nifrət nitqinin və islamofobiyanın bütün formalarına qarşı beynəlxalq səviyyədə birgə mübarizənin vacibliyini vurğulayıb. Rizvan Nəbiyev mədəniyyətlər və dinlərarası dialoq naminə Prezident İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi” barədə danışıb. İslam dünyasının üzləşdiyi çağırışların həllində dialoq, həmrəylik və əlaqələndirilmiş fəaliyyət mühüm əhəmiyyət daşıyır.
Deputat artan geosiyasi gərginliklər və humanitar çağırışlar fonunda Asiya ölkələri arasında parlament diplomatiyasının gücləndirilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, 44 ölkəni birləşdirən Asiya Parlament Assambleyası parlamentlərarası səylərin əlaqələndirilməsi, dialoqun genişləndirilməsi və ortaq dəyərlərin konkret əməkdaşlıq istiqamətlərinə çevrilməsi baxımından mühüm platforma olaraq qalır.
Daimi Komitə iclasının açılışında Tacikistan Respublikası Nümayəndələr Məclisinin sədri Faizali İdizoda, APAnın Baş katibi Dr. Macidi, Tacikistan Prezidentinin hüquqi məsələlər üzrə köməkçisi və parlamentlə əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Zarif Alizoda, APA Prezidentinin nümayəndəsi, Bəhreyn parlamentinin üzvü Ahmed Al-Saloum çıxış ediblər.

