Rusiyada “Yandex”in bulud infrastrukturu dron hücumundan sonra sıradan çıxıb

Baş səhifə

Bakı. Trend:

Rusiyanın texnologiya nəhəngi “Yandex” bazar günü Ukraynanın
məlumat mərkəzinə növbəti dron hücumundan sonra şirkətin bulud
infrastrukturunun fəaliyyətində nasazlıq yarandığını açıqlayıb.

“Dron hücumu nəticəsində Vladimir şəhərindəki məlumat mərkəzinin
infrastrukturu zədələnib. Məlumat mərkəzinin fəaliyyəti tamamilə
dayandırılıb”, – şirkət “Telegram” kanalında bildirib.

Şirkətin məlumatına görə, infrastrukturun qalan resursları da
qeyri-sabit işləyir və platforma fəaliyyət göstərmir. “Yandex”
hücum nəticəsində xəsarət alan olmadığını və bərpa işlərinin davam
etdiyini qeyd edib.




“Rusiyanın Google-u” adlandırılan “Yandex” rusdilli internetin
əsas axtarış sistemidir. Şirkət bulud infrastrukturu ilə yanaşı,
taksi və çatdırılma xidmətləri də daxil olmaqla çoxsaylı xidmətlər
göstərir. O, rusdilli ölkələrdə də aparıcı mövqeyə malikdir.

“Yandex” daha əvvəl cümə günü Kaluqa şəhərindəki məlumat
mərkəzinin, cümə axşamı isə Sassovo şəhərindəki məlumat mərkəzinin
zədələndiyini bildirmişdi. Həmin şəhərlər müvafiq olaraq Moskvadan
150 kilometr cənub-qərbdə və 300 kilometr cənub-şərqdə
yerləşir.

Son üç həftə ərzində Rusiyanın Ukraynada bir sıra məlumat
mərkəzlərinə, eləcə də internet və mobil rabitə operatorları ilə
əlaqəli infrastruktura zərbələr endirdiyi bildirilir. Bu hücumlar
nəticəsində xidmətlərdə fasilələr yaranıb.