ABŞ-nin Yunanıstandakı səfiri yerli oliqarxların onun uçuş xərclərini ödəməsi ilə öyünüb

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın Yunanıstandakı səfiri Kimberli Gilfoyl yerli oliqarxların
onun şəxsi təyyarələrlə uçuş xərclərini ödəməsi ilə öyünüb. Bu
barədə The Wall Street Journal (WSJ) qəzeti ABŞ
diplomatının söhbətlərinin audioyazılarına və mənbələrinə istinadən
məlumat yayıb.

Nəşrin məlumatına görə, Gilfoyl yanvar ayında Yunanıstanın
tikinti şirkəti Aktor Group-un baş icraçı direktoru Aleksandros
Eksarxu ilə birlikdə şəxsi təyyarə ilə Davosda keçirilən Dünya
İqtisadi Forumuna uçub. Qəzetin tanış olduğu audioyazıda ABŞ səfiri
yunanıstanlı iş adamını “öz adamı” adlandırıb. WSJ-nin məlumatına
görə, diplomat bəzi ölkələrin hökumətlərini Eksarxu ilə əməkdaşlıq
etməyə çağırıb.

Qəzetin qeyd etdiyi kimi, Gilfoylun səfərlərini təşkil etməsinə
kömək edən yeganə iş adamı Eksarxu olmayıb. Audioyazıda səfir
yunanıstanlı gəmiçilik maqnatı Nikolas Tsakosla birlikdə Parisə
uçmağı planlaşdırdığını bildirib. Səfərin məqsədi iş adamının həyat
yoldaşının moda nümayişində iştirak etmək olub. Nəşrin yazdığına
görə, sahibkar Gilfoylun Four Seasons Hotel George V hotelindəki
qalma xərclərini də ödəyib.




Mənbələrin bildirdiyinə görə, ABŞ administrasiyasında Gilfoylun
mümkün vəzifədən azad edilməsi məsələsi müzakirə olunur. Gözlənilir
ki, ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı yaxın vaxtlarda
qərar verəcək.

Bundan əvvəl iri siyasi donor Erik Deters Gilfoylu onu Tramp
administrasiyasının rəsmiləri ilə görüşmək imkanı müqabilində
kredit kartı üzrə 100 min dollar məbləğində borcunu ödəməyə razı
salmağa çalışmaqda ittiham edib. NBC News telekanalı sonradan ABŞ
Dövlət Departamentinin baş müfəttişinin aparatının Yunanıstandakı
ABŞ səfiri ilə bağlı araşdırma apardığını bildirib.

Gilfoyl karyera diplomatı deyil, siyasi təyinatlı şəxsdir. O,
əvvəllər Fox News telekanalında çalışıb. Gilfoyl hazırda
Kaliforniya ştatının qubernatoru olan Qevin Nyusomun San-Fransisko
meri olduğu dövrdə onun həyat yoldaşı olub. O, həmçinin ABŞ
prezidentinin oğlu kiçik Donald Trampla nişanlanıb, lakin onların
toyu baş tutmayıb.