İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi və layihələri çərçivəsində Gürcüstanın Batumi şəhərində
“M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti”
fəaliyyətə başlayıb.

Cəmiyyətin rəhbəri Rövşən Namazov bildirib ki, Diasporla İş üzrə
Dövlət Komitəsinin həyata keçirdiyi layihələr, hazırladığı tədris
materialları və yaratdığı mədəniyyət mərkəzləri xaricdə yaşayan
soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsində
mühüm rol oynayır. Onun sözlərinə görə, yeni fəaliyyətə başlayan
“M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti” də dil
kursları, mədəni tədbirlər və gənclərin inkişafına yönəlmiş layihə
və təşəbbüslər vasitəsilə Batumidə yaşayan azərbaycanlıların bir
araya gəlməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və milli
şüurun güclənməsinə töhfə verəcək.

Rövşən Namazov vurğulayıb ki, cəmiyyətin fəaliyyəti yalnız ana
dilinin və milli-mədəni irsin yaşadılması ilə məhdudlaşmayacaq.
Təşkilat, eyni zamanda Batumidə yaşayan soydaşlarımızın
sosial-iqtisadi və ictimai həyatda fəal iştirakına, Gürcüstanın
çoxmədəniyyətli mühitinə uğurla inteqrasiyasına dəstək
göstərəcək.




Cəmiyyətin yaxın dövr üçün hazırladığı fəaliyyət proqramına ana
dili ilə yanaşı, gürcü və xarici dillərin tədrisi, Azərbaycanın
tarixi və mədəniyyətini tanıdan sərgilərin, ədəbi-bədii gecələrin
və milli bayramlara həsr olunan tədbirlərin təşkili daxildir.
Bununla yanaşı, regionda yaşayan ehtiyac sahibi soydaşlarımıza və
Batumidə təhsil alan azərbaycanlı tələbələrə sosial və mənəvi
dəstəyin göstərilməsi də nəzərdə tutulur.

Qeyd olunub ki, bu təşəbbüs Azərbaycan ilə Gürcüstan arasında
mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin
mədəni-humanitar sahədə daha da inkişafına töhfə verəcək.
“M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti”nin
fəaliyyəti regionda mədəni dialoqun genişlənməsinə və iki xalq
arasında əsrlərə söykənən dostluq əlaqələrinin daha da
möhkəmlənməsinə xidmət edəcək.