
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva Qaradağ rayonunun Qobustan
qəsəbəsində salınmış yeni parkın açılışında iştirak edib.
Trend xəbər verir ki,
Bakı–Qazax magistral yolunun 60-cı kilometrliyində, yaşayış
evlərinin qarşısında yerləşən yeni istirahət məkanının ümumi sahəsi
10 min 350 kvadratmetrdir. Qobustan qəsəbəsi sakinləri üçün sağlam
və keyfiyyətli istirahət məkanı formalaşdırmaq, yaşayış mühitini
daha da yaxşılaşdırmaq məqsədilə parkda geniş abadlaşdırma işləri
aparılıb. Yaşıllaşdırma işləri çərçivəsində park ərazisində
müxtəlif növ ağaclar, kol bitkiləri və güllər əkilib, qazon
salınıb. Sakinlərin və xüsusən də uşaqların rahatlığı üçün ərazidə
söhbətgahlar, uşaq oyun meydançaları quraşdırılıb, həmçinin işıq
dirəkləri, oturacaqlar və zibil qabları yerləşdirilib.
Açılış tədbiri çərçivəsində xüsusi ağacəkmə aksiyası keçirilib.
Leyla Əliyeva və IDEA könüllülərinin iştirakı ilə parkın müxtəlif
hissələrində sərv ağacları əkilib.
Daha sonra Leyla Əliyeva parkdakı uşaqlara müxtəlif oyuncaqlar
hədiyyə edib, onlarla birlikdə xatirə şəkilləri çəkdirib.

