Bakı. Trend:
Əlcəzair Xalq Milli Assambleyasında Fransanın XIX–XX əsrlərdə
apardığı müstəmləkəçilik siyasətinin cinayət kimi tanınmasını
nəzərdə tutan qanun layihəsi müzakirə olunur.
Trend xəbər verir ki, layihə
üzrə səsvermənin dekabrın 24-də keçirilməsi planlaşdırılır.
Sənəddə vurğulanır ki, Fransanın 14 iyun 1830-cu ildə başlayan
və 5 iyul 1962-ci ilədək davam edən Əlcəzairin işğalı, eləcə də bu
dövrdən sonra ortaya çıxan birbaşa və dolayı nəticələr cinayət
xarakteri daşımalıdır.
Qanun layihəsinin 24 dekabrda qəbul ediləcəyi gözlənilir. Bu,
1997-ci ildə plüralist parlamentin formalaşdırılmasından sonra
deputatlar tərəfindən tam şəkildə hazırlanmış ilk qanun layihəsi
olacaq. Adətən təşəbbüslər hökumət tərəfindən irəli sürülür,
parlament isə yalnız məhdud dəyişikliklər edir. Ekspertlər hesab
edirlər ki, hazırkı siyasi gərginlik fonunda bu addım qanuna daha
yüksək siyasi legitimlik qazandırır.
Layihə müəllifləri bildirirlər ki, Fransa dövləti qeyri-insani
davranışlara, siyasi, iqtisadi və humanitar xarakterli cinayətlərə,
eləcə də beynəlxalq hüquq normalarının pozulmasına görə məsuliyyət
daşıyır. Parlamentin sədri İbrahim Buğali qeyd edib ki, təşəbbüs
Fransa xalqına qarşı yönəlməyib və məqsəd tarixi ədalətin bərpa
olunmasıdır.
Qanun layihəsində müstəmləkəçilik dövrünə aid təxminən 30 növ
cinayət sadalanır. Bunlara məhkəməsiz edamlar, yerli əhaliyə qarşı
ağır işgəncələr, adam oğurluğu, zorakılıq halları, qadağan edilmiş
silahlardan istifadə, həmçinin Əlcəzair səhrasında aparılmış nüvə
sınaqları daxildir. Sənəddə həmçinin milli yaddaşa hörmətsizlik,
Fransa müstəmləkəçiliyinin tərifi və ya ona bəraət qazandırılmasına
görə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə
tutulur.

